Bakının bu ərazisində evlərin qiymətin fantastik həddə BAHALAŞDI

 Bakının bu ərazisində evlərin qiymətin fantastik həddə BAHALAŞDI

"Biz son 20 ilin təcrübəsinə baxsaq görərik ki, son 20 ildə evlərin qiymətləri təxminən 10-15, bəzi yerlərdə 20 dəfəyə qədər artıb. İstər həyət evlərinin, istərsə də bina evlərinin qiymətində artım müşahidə edilir. Həyət evlərinin qiymətindəki artım onunla bağlıdır ki, həmişə yaz aylarının sonundan torpaqlar alınır və evlər tikirlər, istər-istəməz bu zaman inflyasiya gedir, qiymətlər artır".

Bu sözləri Yenisabah.az-a tanınmış əmlak eksperti Elnur Fərzəliyev deyib. Həyət evlərində müşahidə edilən qiymət artımı barədə danışan ekspert bunun səbəblərini sadalayıb:

"Burada başqa bir səbəb isə odur ki, torpaq sahələri tükənir. Bir ərazidə torpaq sahəsi varsa, hamısı alınıbsa, tikilibsə, artıq oranı genişləndirmək mümkün deyil. Ona görə də torpaq sahələri tükəndikcə evlərin qiyməti də arta-arta gedir.  10 il bundan əvvəl şəhərə ən yaxın məsafədə - Biləcəridə olan torpaq sahələrinin qiyməti indikindən 4 dəfə ucuz idi. Hal-hazırda Bakı ilə Sumqayıt həyət evləri üzərindən birləşib, həyət evləri Bakı-Xırdalan-Sumqayıt şəhərlərini bir-birinə birləşdirib. Bu da onu deməyə əsas verir ki, tələbat çoxdur. Tələbat artdıqca, qiymətlər də artır.

Teymur Əliyev küçəsi, Badamdar ərazilərində isə qiymətlər fantastik bahadır. Bu gün Bakının Səbail, Nəsimi, Nərimanov, Yasamal rayonlarına baxsaq görərik ki, burada 1 otaqlı, 30 kvadratmetrlik köhnə tikili, "Xruşşovka" tipli mənzilin qiyməti 90-100 min manat arasıdır. Amma həmin qiymətə Abşeron və Xırdalan ərazisindən çox gözəl, villa tipli 4-5 otaqlı ev almaq olmaq. Geniş ailələr üçün bu variant daha əlverişlidir. Və bu baxımdan həyət evlərinə tələbat artıb, bir daha qeyd edim ki, tələbat artdıqca da qiymətlər də artır.

Bu gün həyət evlərinin qiymətinin artmasının iki səbəbi var: Torpaq sahələrinin tükənməsi və tikinti materiallarının qiymətinin qalxması. Bu gün tikinti materialları da, usta xərci də xeyli bahadır.

Bu artımı təkcə mövsümlə əlaqələndirmək doğru deyil".  

Onun sözlərinə görə, qiymətlərin düşməsi üçün Bakıdakı evlərə tələbat azalmalıdır, əks halda, qiymətlərin daha da artması qaçılmazdır:

"Qiymətlərin düşməsi tələbatdan asılıdır. Bu gün Bakıya insan axır. Bölgələrdən insanlar paytaxta gəlirlər. Əgər bölgələrdə iqtisadi vəziyyət yaxşı olsa, təbii ki, insanlar öz yurduna qayıdacaq və Bakıda evlərə tələbat azalacaq, bu zaman avtomatik qiymətlər də düşəcək. Bu, birmənalı olaraq belədir. 

Bu gün elə bölgələr var ki, turistik zona deyil və orada evi simvolik, cüzi miqdara satışa qoysan da, heç kəs almır. Burada balans pozulub, halbuki hər iki yerə çəkilən xərc eynidir. Sadəcə həmin bölgələrdə ümumi iqtisadi vəziyyət yaxşı deyil və insanlar orada ev almaqda maraqlı deyillər. İnsanların Bakıdan getməsi ilə bərabər, ali təhsil müəssisələri, bir çox dövlət orqanları regionlara parçalanmalıdır. Hər bir təhsil müəssisəsində minlərlə tələbə oxuyur, onlar hansısa rayonda oxuyub, orada kirayə qalsalar, o rayonda görün nə qədər insan kirayədən gəlir əldə edə bilər, tələbələr marketdən girib alış-veriş etdikdə xeyir verəcək və nəticədə həmin bölgədə iqtisadi vəziyyət yaxşılaşacaq".  

16:59 - 19 İyun 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin