Azərbaycanda ilk qadın minatəmizləmə qruplarının yaradılmasına başlanılıb.
Bu barədə Report-un Qarabağ bürosu xəbər verir.
Bildirilib ki, bu, “Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) imkanlarını artırmaqla məcburi köçkünlərin təhlükəsiz qayıdışına dəstək” layihəsi çərçivəsində reallaşdırılıb.
Artıq iyunun 16-da ilk qrupların formalaşdırılması üçün təlimlərə start verilib. Təlimlər Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) Tərtər Regional Peşə Təlim Mərkəzində keçirilir. Təlimlərdə elan edilmiş müsabiqə əsasında ölkənin müxtəlif bölgələrindən seçilmiş 40 nəfər qadın iştirak edir.
6 həftə davam edəcək təlimləri uğurla başa vuran qadınlar ANAMA tərəfindən akkreditasiya ediləcək və sahə əməliyyatlarına başlamaq üçün Beynəlxalq Minatəmizləmə Standartlarına uyğun sertifikatla təltif olunacaqlar.
Sözügedən layihə çərçivəsində 2 minatəmizləmə qadın qrupunun yaradılması nəzərdə tutulub.
Xatırladaq ki, Avropa İttifaqının maliyyələşdirdiyi layihə Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (BMTİP) ANAMA, Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) və Minalar üzrə Məsləhət Qrupunun tərəfdaşlığı ilə həyata keçirilir.