Məktəblərdə vahid geyim forması niyə tətbiq olunur?

 Məktəblərdə vahid geyim forması niyə tətbiq olunur?

Ümumi olaraq məktəbin müəyyən nizam-intizam qaydası var. Bu qayda həm geyimlə, həm də görünüşlə bağlıdır.

Bu sözləri Asayis.az-a açıqlamasında təhsil eksperti Ramin Nurəliyev qeyd edib.

Ekspertin fikrincə, məktəbə gedən bütün uşaqlar bərabər olmalıdır:

“Geyimlə bağlı olan xüsusi mərkəzləşdirilmiş vahid geyim formasının tətbiq olunması o deməkdir ki, şagirlərin bilavasitə tədris prosesinə eyni vahid geyim formasında iştirakı təmin olunmalıdır.

Bununla yanaşı, şagirdlər dərs zamanı xüsusilə bəzək və zinət əşyalarından uzaq durmalıdır. Xüsusilə, qızlara əlavə dırnaq qoyulması, makiyaj olunması, saçın fərqli istiqamətlərdə düzülməsi, yaxud fərqli saç modellərindən istifadə etməsi, rəngli eynəklər və fərqli maskaların taxılması qadağan olunur. Doğrudur, zinət əşyalarını da istifadə etmək qadağandır, lakin qulaq deşiyinin bitişməməsi üçün çox xırda ölçüdə sırğa taxılmasında problem görülmür.

Bu, qayda məktəbdə müəyyən nizam-intizamın formalaşması üçün əsas amillərdən biridir. Bunun qarşısı alınmasa, şagirdlər məktəbə istədiyi formada gələ bilər. Çünki məktəb bütün şagirdlərin bərabərhüququnun təmin olunduğu təhsil ocağıdır. Yəni şagirdlərdən birinin maddi imkanı yaxşı olduğu üçün məktəbə fərqli üslubda gələ bilər. Burada məktəb nə edir? Vahid geyim formasına keçir ki, sosial bərabərlik təmin olunsun.

Bundan əlavə, şagird makiyaj edərək dərsə gəldikdə fikrini başqa istiqamətə yönləndirə bilər. Bu zaman nə deyilir? Məktəb təhsil ocağıdır və şagirdlər müəllimin, həmçinin başqa birinin diqqətini yayındıracaq hər hansı təşəbbüsdə olmamalıdır.

Burada əsas məsələ bir təhsil ocağının təlim və tərbiyəsində ön planda getməsidir. Təhsil ocağı təlim və tərbiyəyə zidd olan hər hansı bir addımı qətiyyən dəstəkləmir, hətta bu istiqamətdə lazımi məhdudiyyətləri tətbiq edir.

Buna görə də, şagirdlər az öncə sadaladığım məqamlara diqqət etməlidir. Hər hansı bir qeyri formada vahid məktəbli geyimindən kənara çıxılmamalıdır. Qısaca, şagirdin diqqətini yayındıracaq hər hansı bir təşəbbüs olmamalıdır”.

15:50 - 9 Oktyabr 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin