"Artıq çimərlik mövsümü başlayır və insanlar öz yay tətillərini daha maraqlı, daha yaddaqalan, daha səmərəli keçirmək üçün müxtəlif ünvanlara üz tuturlar. Belə ünvanlardan biri də təbii ki, çimərliklərdir. Ancaq “çimərliklər bizim vətəndaşlarımızı qəbul etmək üçün nə dərəcədə hazırdır” sualına birmənalı müsbət cavab vermək çox çətindir".
Asayis.Az xəbər verir ki, bu fikirləri açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib.
Deputat bildirib ki, hər il çimərlikləri təmiz saxlamaq məsələsi gündəmə gəlməkdədir:
"Təbii ki, çimərliyə gedən vətəndaşların da üzərinə böyük məsuliyyət düşür. Bəzi insanlar özləri ilə apardıqları ərzaq məhsullarının qalıqlarını elə çimdikləri yerlərə tökürlər. Bu da natəmizliyin əmələ gəlməsinə səbəb olur. Təbii ki, insanların normal istirahəti üçün müəyyən problemlər yaranır.
Eyni zamanda, insanlarımızı narahat edən məsələlərdən biri də dənizlərin hasarlanmasıdır. Bu məsələ dəfələrlə parlamentdə müzakirə edilib. Əlbəttə ki, bu məsələlərin qanunvericilik növü ilə tənzimlənməsi istiqamətində də müvafiq addımlar atılıb. Amma təəssüf ki, bir çox hallarda bu qanunların pozulması qanunların icrasında müəyyən çətinliklər, problemlər yaradır. Müəyyən məmurların da bu sahədəki fəaliyyətsizliyi nəticəsində insanlar belə məsələlərdə narazı qalır. Çox istərdik ki, bu dəfəki çimərlik mövsümündə dediyimiz hallar aradan qaldırılsın".
Deputat qeyd edib ki, dənizlərin hasarlanması praktikası heç də insanları məmnun edəcək məsələ deyil:
“Dənizlərin istifadəsində müəyyən hallarda ödənişlər tələb olunub. Ancaq bu, o demək deyil ki, kim istəyirsə dənizi hasara almalıdır və insanları normal istirahəti üçün əngəl yaratmalıdır. İnsanları məcbur edirlər ki, ancaq bu çimərliklərdə çimin.
Hesab edirəm ki, bu, qəbuledilməzdir. Bu məsələlərin təcili tənzimlənməsinə ehtiyac var".
Demokrat.az