“Məcbur edə bilməzsən ki, Azərbaycanda qal işlə...” - Rüfət Quliyev

 “Məcbur edə bilməzsən ki, Azərbaycanda qal işlə...” - Rüfət Quliyev

““Beyin axını” dünyəvi bir problemdir. İnsanlar daha inkişaf etmiş ölkələrə üz tuturlar, ora gedib, işlə təmin olunurlar. Bu, iqtisadi, sosial kateqoriya da adlanır, amma normal bir prosesdir. Azərbaycandan kənarda, təxminən, hər il üç-dörd minə yaxın gənc mütəxəssis yetişir. Bəlkə də, çoxdur, mən aparıcı ali məktəblərin məzunları barəsində danışıram. Təbii ki, onların bir qismi - dövlət proqramı ilə gedənlər ölkəyə qayıdır, öz hesabına, valideynlərinin hesabına oxuyanlar isə qalıb xarici ölkədə işlə təmin olunurlar. Bizdə aparıcı şirkətlər var, aylıq maaşı, təxminən, 3-4 min dollar verməyə hazırdırlar, yetər ki, mütəxəssis yüksək savadlı insan olsun. Maliyyə imkanı olan dövlət strukturlarında da artıq belə bir ənənə yaranıb ki, hardasa, 1500-2000 min dollar civarında maaş verməyə hazırdırlar”.

Asayis.Az xəbər verir ki, bu sözləri açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Rüfət Quliyev deyib.

Deputat düşünür ki, bazar iqtisadiyyatıdır: “Buna görə də insanı məcbur edə bilməzsən ki, sənin imkanın var, savadın yetərincədir, Azərbaycanda qal işlə. Yaxud kimsə xaricdən gəlib Azərbaycanda işləyir, burada özünə yaxşı iş tapır, komfort həyatını qurur. Normal bir dünyəvi prosesdir, burada kasıb-varlı söhbəti getmir. Təbii ki, imkanlı adamların maliyyə imkanları çoxdur, onların övladları xaricdə təhsil alır, işləyirlər. Amma bizdə dövlət proqramında xüsusən savadlı gənclər üçün yer ayrılır. Savadlı gənclərimizə imkan yaranır, dövlət tərəfindən maliyyələşən proqramla oxuyub, qayıdıb öz ölkəmizdə işləyirlər. Bazar iqtisadiyyatı, dünyada yaranan tendensiyalar, trendlər - bunlar hamısı zəruridir. Buna qarşı çıxmaq mümkün deyil, qanun kimidir, işlək mexanizmdir”.

Pravda.az

17:04 - 12 İyun 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin