Bakı sakini Afər Tağıyeva övladının rus dilində təhsil almasına çalışsa da, buna nail ola bilmir.
Afər xanım "Yeni Sabah"-a açıqlamasında bildirib ki, övladı Mirmanafov Məsul müsabiqədə iştirak etsə də, hər dəfə müxtəlif bəhanə ilə kəsilib. O, bu barədə Appelyasiya Komissiyasına şikayət etsə də, şikayətinin təmin olunmadığını bildirib:
"Övladım 24 may tarixində rus bölməsi üzrə müsahibədə iştirak edib. 25 may tarixində bizə SMS-lə bildiriş gəldi ki, övladınız kəsilib (qəsdən kəsilib). Elə həmin gün Appelyasiya Komissiyasına ərizə ünvanladım. Qaynar xətti dayanmadan yığdıqdan sonra nəhayət, Appelyasiya Komissiyası məni 6 iyun tarixində qəbula çağırdı. Birlikdə videoya baxdıq, övladımın müsahibə zamanı normal çıxışını izlədim. "Övladımı nə üçün kəsmisiniz?" -, deyə sual versəm də, sualım yenə cavabsız qaldı. Dedilər ki, sizə SMS gələcək. Ertəsi gün Appelyasiyanın qərarınən mənfi olması ilə bağlı SMS aldıq".
Valideyn iddia edir ki, rus bölməsinə qəbul üçün keçirilən müsahibədə şəffaflıq və ədalət yoxdur. Onun sözlərinə görə, rus bölməsində şagird sayı çox olduğundan, müsabiqədə iştirak edən uşaqları müxtəlif bəhanələrlə kəsirlər:
"Mən anlamıram ki, heç bir suala cavab verməyən uşaqlar müsahibədən necə keçir? Şəffaflıq yoxdur. Mən yenidən Appelyasiyaya şikayət ərizəsi yazacağam. Maraqlısı isə odur ki, bu müəllimlərin özünə müəllim lazımdır. Çoxsunda aksent, dil qüsuru var, necə müəllim olublar anlamıram... Bu yaşda uşaqlara bu qədər travma yaşatmaq nəyə lazımdır? Elm və Təhsil Nazirliyindəki qanun pozuntuları, özbaşınalıqlar mütləq ictimailəşdirilməlidir. Çünki mənim kimi onlarla valideyn var ki, artıq nazirliyə söz deməkdən, şikayət ünvanlamaqdan təngə gəlib. Təhsilimizin səviyyəsi isə göz önündədir, bütün bunlar biabırçılıqdır.
Bu gün rusdilli özəl məktəblər çox bahadır, dövlət məktəblərində də qanunsuzluqlar baş alıb gedir. Mənim övladım da Azərbaycan vətəndaşıdır və dövlət məktəbində hansı dildə istəsə, oxuma hüququ var. Gələcəyin əsgərinə bu cür "qayğını" qəbul edə bilmirəm".
Məlumat üçün bildirək ki, Azərbaycanda rus dilində təhsil dövlət büdcəsi tərəfindən maliyyələşdirilir. "Təhsil haqqında" və "Ümumtəhsil haqqında" qanunların tələblərinə əsasən, orta məktəblərdə digər dillərdə təhsil almaq arzusunda olan uşaqlar müsahibələrdən keçirilməlidir. 2019-cu ildən etibarən digər dildə tədris aparılan bölmədə oxumaq istəyən uşaqların birinci sinfə qəbulu zamanı həmin dil üzrə şifahi nitq bacarıqları qiymətləndirilir. Uşaqlar şifahi nitq bacarıqlarının qiymətləndirilməsi üzrə müsahibə mərhələsində iştirak etməlidir. Müsahibədən keçə bilməyən uşaqlar digər dildə tədris aparılan bölmələr üzrə təhsil ala bilməzlər.