Yevlax rayonunda 1996-cı il təvəllüdlü Səməd ailə münaqişəsi zəminində həyat yoldaşı Nigara (adlar şərti verilib – red.) xəsarət yetirib.
Asayis.Az-ın məlumatına görə, hadisə Yevlax rayonunun kəndində baş verib.
Səməd yaşadıqları evdə həyat yoldaşı Nigar ilə aralarında ailə münasibətləri zəminində mübahisə yaranıb.
Mübahisə zamanı Səməd qəsdən əli ilə vuraraq Nigara müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.
Hadisəni törədən Səmədin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Səməd ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.
O bildirib ki, zərərçəkmiş Nigar ilə 2018-ci ildə ailə həyatı qurub, 3 yaşında oğlan övladları var: “Evliliyimiz dövründə münasibətlərimiz elə də yaxşı olmayıb. Aramızda mütəmadi olaraq mübahisələrimiz olub. Həyat yoldaşım təxminən 2022-ci ilin noyabrından Yevlax şəhər Avtovağzalının yaxınlığında yerləşən “Neptun” super marketdə satıcı kimi işləməyə başladı. Mənə olan münasibəti dəyişdiyindən 2023-cü ilin fevralından Nigarın başqa oğlanlarla münasibəti olduğundan şübhələnməyə başladım”.
Təqsirləndirilən şəxs qeyd edib ki, 2023-cü ilin martın 6-da, gecə saatlarında yerlərində yatan zaman Nigarın mobil telefonu yanlarında yatan uşaqlarının altında qalıb: “Mən uşağı kənara qoyarkən arvadımın mobil telefonunu tapdım. Telefonu açıb baxanda həyat yoldaşımın “Whatsapp” proqramında oğlanla sevgi münasibətləri barədə yazışaraq, bir-birilərinə şəkillərini göndərdiklərini gördüm. Həmin vaxt Nigarı yuxudan oyatdım, yazışma barədə soruşdum. Nigar səhv düşdüyünü, yanlışlıq olmasını bildirdi. Bundan sonra Nigar anasını çağırdı, mübahisələrimiz oldu. Nigarın telefonunu sındırdım. Anam soruşduqda Nigar Əli adlı iş yoldaşı ilə yazışdığını etiraf etdi”.
Təqsirləndirilən şəxs bildirib ki, səhəri gün yenə yığılıb söhbət ediblər: “Nigarın atası da onun mobil telefonunu əlindən aldə və təpikləyərək sındırdı. Həmin vaxt dedim ki, bir şərtlə uşaqlarına görə bağışlayaram, Nigar işdən çıxsın. Lakin Nigar işdən çıxmağa razı olmadı. Bir daha başqa şəxslərlə yazışmayacağına söz verdi. Mən də razılaşdım. Nigar ə işə getməyə davam etdi. Ona yeni mobil telefon da aldıq”.
Səməd deyib ki, 2023-cü ilin martin 20-də yenə əvvəlki kimi yerlərində yatan zaman Nigarın təzə mobil telefonunu götürərək baxıb: “Gördüm ki, Nigar məni aldadır, yenə Əli adlı iş yoldaşı ilə sevgi münasibətləri barədə yazışır. Nigarı yuxudan oyatdım və mübahisə etməyə başladıq. Mübahisə zamanı bir dəfə şillə ilə onun sifətinə vurdum. Səs-küyümüzə qaynanam gəldi. Mənə dedi ki, yaxşı eliyib yazışır, get boşa. Həmin vaxt mən də onların evindən çıxdım və anamın yanına gəldim. Bu zaman Nigarın əvvəl sındırdığım mobil telefonunu da götürdüm. Təxminən 3-4 gün sonra həmin mobil telefonu düzəltdirdim”.
Təqsirləndirilən şəxs qeyd edib ki, həmin telefonu götürüb və Nigarın işlədiyi “Neptun” super marketə gedib: “Nigarın yazışmalarını müdriyyətə göstərdim və həmin şəxslərin burda başqa-başqa işlərlə məşğul olduqlarını bildirdim. Onların işdən çıxarılmalarını tələb etdim. Mənim ora getməyimdən Nigarın məlumatı oldu. O, da həmin gün məndən Daxili İşlər Nazirliyinin 102 xidmətinə şikayət etdi. Həmin gün qaynatam da mənə zəng etdi, Nigarın mobil telefonunu verməyimi istədi. Lakin həmin telefonu məhkəməyə təqdim edəcəyimi bildirdim”.
İş üzrə zərərçəkmiş Nigarın sözlərinə görə, 2018-ci ilin fevralın 21-də Səməd ilə ailə həyatı qurub: “Ailə quran gündən Səmədlə münasibətlərimiz soyuq olub. Hər dəfə aramızda mübahisələrimiz olub. Lakin ailəm dağılmasın deyə hər dəfə dözüb oturmuşam. Səməd heç bir işdə işləmir, mənimlə birlikdə ata evimdə qalır. Hər dəfə işləməyini deyəndə, cavab verirdi ki, sən işləyirsən, bizə bəsdir”.
Zərərçəkmiş qeyd edib ki, sonuncu dəfə anası Səmədə işləməsini deməsi üstündə mübahisələri olub: “Buna görə də Səməd anamı nalayiq söyüşlərlə söyüb təhqir etdi. Anam dediklərinə artıq dözə bilmədiyimi dedim. Ondan boşanacağımı bildirdim. Bu vaxt Səməd məni, atamı və anamı nalayiq söyüşlərlə söydü. Boşansaq, məni şərləyib ləkələyəcəyini, uşağı da məndən alacağını bildirdi. Həmin mübahisə zamanı həyat yoldaşım yumruqla sol gözümə vuraraq məni döydü. Sonra da evdən getdi. Gedərkən də əvvəllər işlətdiyim, lakin həmin vaxt nasaz vəziyyətdə olan mobil telefonumu da apardı. Səməd getdikdən sonra köhnə mobil telefonumu düzəltdirdi və həmin telefonun içərisində olan məlumatlarla məni şantaj etməyə başladı. İş yerimə gələrək barəmdə şər-böhtan xarakterli məlumatlar deməyə başladı. Həmin gündən sonra bir daha işə getmədim”.
Zərərçəkmiş qeyd edib ki, bundan sonra Səməd telefonda iş yoldaşları ilə olan yazışmalarımı “Neptun” marketin müdriyyətinə göstərib: “Yazışmalarımı tanışlarıma göstərməklə məni hədələdi. Hətta bibim oğluna da zəng edərək barəmdə şər-böhtan danışdı. Bundan sonra əsəbiləşdim və 102 xidmətinə zəng edərək hadisə barədə məlumat verdim”.
Bu cinayət işinə Yevlax rayon Məhkəməsində baxılıb. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb.
Bu səbəbdən Səmədin barəsində olan cinayət təqibinə xitam verilib.
O, cinayət məsuliyyətindən azad edilib.
Demokrat.az