Bu ildən birinci sinfə gedən uşaqlar da imtahan verəcəkmiş. Əlbəttə, söhbət bizim bildiyimiz, verdiyimiz klassik imtahandan getmir. Sadəcə, uşaqları sorğu-sual edəcəklərmiş. Öz təbirlərincə desək, bundan sonra uşaqlar müsabiqə yolu ilə məktəbə qəbul olunacaqmış...
Hamı Elm və Təhsil Nazirliyinin rəhbər şəxslərində olan həvəsə heyran qalıb. Müəllimlərdən sonra uşaqları imtahan etmək yeni "kəşf" olmalıdır. Qusarın normal yolu, düz-əməlli binası olmayan məktəbində 4 saat dərs demək üçün imtahan. Direktor olmaq üçün imtahan. Direktor müavini işləmək üçün imtahan. Hətta cüzi məvacib müqabilində məktəblinin dostu olmaq üçün də imtahan verməlisən...
Adamlar onu-bunu qabaqlarına qoyub imtahan götürməkdən zövq alırlar. Hansısa psixoloji xəstəliyin əlaməti olmalıdır. Gərək hörmətli Aytən Ələkbərova ilə görüşəndə dəqiqləşdirim...
Tanınmış təhsil eksperti, qocaman və müdrik professor Şahlar Əsgərov Elm və Təhsil nazirliyinin bu qərarını sərt şəkildə qınayıb. Şahlar müəllimin sözləridir: "Dövlət nazirliyə büdcədən bu qədər maliyyə ayırır, maaş verir ki, sən birinci sinfə qədəm qoyan uşaqları imtahan elə, qəliz-qəliz suallarla yor, arzularını qır? Büdcənin 25 faizini təhsilə ona görə ayırır ki, sən bu uşaqları savadlı vətəndaş kimi yetişdir".
Şahlar müəllimin sonrakı sözləri daha sərtdir, düşünmək üçün ciddi əsas verir: "Bunu etməyən nazir demək ki, bizim yox, bizi istəməyən dövlətlərin naziri olur".
Sizcə, imtahan şəffaflıq əlamətidir? Əgər bütün qərarlar imtahanın nəticəsinə görə verilirsə, nazirlik niyə MİQ-dən 70-80 bal toplayan müəllimləri Xaçmazın ucqar dağ kəndinə, öz qohum-tanışlarını isə Bakının göbəyindəki təhsil ocaqlarında işləməyə göndərir?
Mən imtahanın əleyhinə deyiləm. Hesab edirəm ki, övladlarımıza təhsil verən müəllimlər 5 ildən bir sertifikasiyadan keçməlidir.
Amma bir təklifim var, Elm və təhsil naziri Emin Əmrullayev də imtahan versin. Mən gənc və perspektivli naziri çox da çətinə salmağın tərəfdarı deyiləm. Sadəcə, yoxlayaq görək jurnal yazmağı bacarırmı? İlk dərs günü valideyninin arxasınca ağlayan uşağı sakitləşdirməyin yolunu bilirmi? Sinifdə şalvarını batıran azyaşlı ilə necə davranmalı olduğundan xəbəri varmı?
Bu gedişlə Emin müəllim bir gün valideynləri də imtahan edəcək. Qoy bu həyəcanı bir dəfə də özü yaşasın...
Seymur Verdizadə