“Muğamı, təsnifi hətta “Youtube”la da öyrənə bilirlər” - Gülüstan Əliyeva

 “Muğamı, təsnifi hətta “Youtube”la da öyrənə bilirlər” - Gülüstan Əliyeva

Bu gün ifaçılıq sənəti, bəlkə də, özünün ən parlaq dövrünü yaşayır. O baxımdan ki, bu gün onun inkişafı, tədrisi və təqdimatı üçün çox böyük imkanlar var.

Əməkdar artist, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının yüksək dərəcəli solisti, Azərbaycan Milli Konservatoriyasının muğam kafedrasının dosenti Gülüstan Əliyevanın “Kaspi” qəzetinə olan müsahibəsini təqdim edirik:

Gülüstan xanım pedaqoji fəaliyyətlə məşğuldur. Deyir, bu, fasiləsiz əməyin nəticəsidir:

“20 ildir Milli Konservatoriyada fəaliyyət göstərirəm. Hər il auditoriyadan fərqli tələbələr gəlir-keçir. Amma indinin tələbələri əvvəlkilərdən çox fərqlənir. Biz ancaq müəllimdən öyrənirdik. Öz dərsimizlə yanaşı, digər müəllimlərin də sinfinə gedirdik. Konservatoriyada ilk muğam sinfinin müəllimi Arif Babayevdir, mən də onun ilk tələbəsiyəm. Bununla kifayətlənmir, “Asəf Zeynallı”da Hacıbaba Hüseynov, Ağaxan Abdullayev, Şövkət Ələkbərovanın da dərslərində iştirak edirdim. Amma indi sosial şəbəkələr var və öyrənmək imkanları daha genişdir. Hansısa muğamı, təsnifi hətta “Youtube” vasitəsilə də öyrənə bilirlər. Bu, bir tərəfdən yaxşı olsa da, digər tərəfdən pisdir. Gənclər belə olanda təhsildən yayınır. Bir də ki, indiki gənclərin qəzəl öyrənməyə bir o qədər də həvəsi yoxdur. Əlbəttə ki, hamını nəzərdə tutmuram. Tələbələrimə öncə qəzəl əzbərləməyi təkid edirəm. Çünki qəzəli yaxşı əzbərləməyəndə ifa zamanı, xırdalıqlarda, improvizasiyalarda fikirləri sözlərdə qalır. Qəzəli əzbər biləndə fikir haçalanmır”.

“Dövrümüzün gəncləri üçün daha böyük meydanlar açılıb”, -deyir Gülüstan xanım:

“Müxtəlif muğam müsabiqələri keçirilir. Uşaqlar orada özlərini göstərə, təqdim edə bilirlər. Çox böyük rəqabət yaranır. Bunun özü də inkişaf üçün yaxşıdır. Bəzən gənclər pul gəliri yaxşı olur deyə, toyu sənətdən üstün tuturlar. Amma inanın ki, sənət olmasa, heç toyda da uğur qazana bilməyəcəklər. Yəni sandıqları uğur müvəqqətidir, bir nöqtəyə qədər olacaq. Ondan sonra irəliləyə bilməyəcək. Başa düşəcək ki, təhsil və savad çox vacibdir. Konservatoriyada və ya fərdi şəkildə təhsil almalı olacaqlar. Bu gün konservatoriyada çox sayda tanınmış müğənnilər təhsil alırlar”.

Gülüstan xanımla klassik və dekonstruksiya olunan operalar barədə də danışdıq:

“Bəzən deyirlər, niyə yeni operalar az yazılır. Opera spesifik janrdır. Musiqi, ifaçılıq və aktyorluğun birləşməsidir. Ona görə operanın yaranması üçün mühit olmalıdır. Vasif Adıgözəlovun “Natəvan” operası çox fundamental, əhatəli əsərdir. Onu yazmaq üçün bəstəkara bir ömür gərək oldu. Opera ərsəyə gətirmək elə də asan məsələ deyil. Deməzdim ki yazmaq istəyən, o gücdə olan bəstəkarımız yoxdur, var. Sadəcə mühit yetişdirməlidir o məqamı. Firəngiz Əlizadənin “İntizar” (“Qarabağnamə”) operasını da misal çəkmək olar. Əlbəttə ki, müharibə, qələbə çox böyük əsasdır. Əminəm ki, qısa bir zamanda bu mövzunu yüksək səviyyədə işləyib opera yazan bəstəkarımız olacaq. O ki qaldı dekonstruksiyaya, bu da zamanın tələbidir. Opera teatrında oynanılan tamaşalar klassikadır. Əlbəttə ki, onların əsasına, bünövrəsinə, musiqisinə dəymək olmaz. “Karmen”, “Aida”, “Toska”, həmçinin Üzeyir Hacıbəylinin əsərləri bizim üçün klassikadır, toxunulmazdır. Onların səhnə quruluşu, dinamikası, mizanı dəyişib müasir dövrə uyğun olmalıdır və dəyişir də. Amma musiqiyə dəyməmək şərtilə. Məsələn, “Leyli və Məcnun” əvvəlki kimi 3,5-4 saat getmir. Bu günə uyğun qısa və dinamikdir. Mizanlar, dekorasiyaların çoxu dəyişib və müasirləşib. Bugünkü tamaşaçının vaxtı o qədər məhduddur ki, onun 3-4 saat tamaşaya baxmaq imkanı yoxdur. Zamanın tələbi dekonstruksiyadır. Amma klassika həmişə dəbdədir”.

“Məni insanların biganəliyi narahat edir”, - deyir sənətçi xanım:

“Mən olmayanda nələr olacağından qorxmuram. Düşünürəm ki, kifayət qədər fəaliyyət göstərmişəm və bu gün də bu davam edir. Əlbəttə ki, nə qədər gücüm, nəfəsim var sənətimlə xalqıma, dövlətimə xidmətdəyəm. Ən pis şey biganəlik, laqeydlikdir. Bir də fəaliyyətsizlikdən qorxuram. Sənət insanı üçün bu çox ağırdır. Yəni sənətçini fəaliyyətsizləşdirmək çox dəhşətlidir. Bu, onu məhv etmək deməkdir. İndiki cəmiyyətdə səmimiyyət, insana sevgi, mənəvi dəyərlərimizə hörmət çoxalsın istəyirəm. İnsanlar vəzifəsindən, kimliyindən asılı olmayaraq mənliyini uca tutsun. Səmimiyyət insanlar tərəfindən dəyərsizliklə qarşılanmasın, cavablanmasın”.

18:27 - 28 May 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin