Azərbaycanın Lənkəran rayonunda Ukraynada döyüşlərdə həlak olan rus əsgərlərinin xatirəsinin üzərində şəkillər olan əklil ilə anılması ilə bağlı yayılan informasiyalar hər kəsin diqqətini çəkib. Həmin paylaşımda guya Rusiya Müdafiə Nazirliyi lənkəranlılara göstərdikləri bu dəstəyə görə təşəkkürünü ifadə edib.
Rusiya-Ukrayna müharibəsinin gərginləşdiyi bir vaxtda Azərbaycanın hansısa rayonunda rus əsgərinə "abidə" düzəldilməsi səhnəsi məntiqli və inandırıcı görünməsə də, belə xəbərlərin paylaşılması da təsadüfi ola bilməz.
Hərbi təhlilçi, "M5 Müdafiə və Strategiya" jurnalının Qafqaz və Orta Asiya üzrə nümayəndəsi Ruslan İmamquliyevin fikrincə, Ukrayna-Rusiya müharibəsi kontekstində sosial şəbəkələrdə Azərbaycanın adının müəyyən təxribatlarda hallandırılması ölkə daxilində nifaq yaratmağa hesablanıb.
- Azərbaycan xalqı öz birlik və bərabərliyini 44 günlük vətən müharibəsində göstərdi. Başqa dövlətlərin ərazilərində cinayətlər törətməyə meylli olan Rusiya isə belə davam edərsə, parçalanmağa və məhv olmağa məhkumdur! Tarixi proseslərə diqqət yetirsək, görərik ki, Azərbaycanın gerçək tarixi düşməni Rusiyadır. "Ermənistan" isə onun torpaqlarımıza əkdiyi murdar toxumun məhsuludur. Əkilən kökündən çıxarılmalı və əkən əllər biləyindən kəsilməlidir- deyə İmamquliyev Azərbaycanın bu cür təxribatlara sövq edilməsini qətiyyətlə pisləyib.