Biləsuvarda 7 kiloqrama yaxın narkotik vasitələr, psixotrop maddə və həblər aşkarlanıb.
Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 3 nəfər saxlanılıb. Onlardan ümumilikdə 7 kiloqrama yaxın narkotik vasitə, psixotrop maddə və narkotik tərkibli həblər aşkarlanaraq götürülüb.
DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Biləsuvar RPŞ-nin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Salyan rayon sakini Zaur Həsənov Biləsuvar rayonunun Xırmandalı kəndi ərazisində saxlanılıb. Keçirilən baxış zamanı Z.Həsənova məxsus idman çantasından ayrı-ayrı plastik qablarda 2 kiloqrama yaxın heroin, 4 kiloqram 465 qram metamfetamin, 75 qram qurudulmuş marixuana və 75 ədəd metadon həbi aşkarlanaraq götürülüb.
Biləsuvar RPŞ-nin əməkdaşlarının narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirdikləri digər əməliyyat-axtarış tədbirləri ilə Ağcabədi rayon sakinləri Ramal Əliyev və Rəşad Hüseynov saxlanılıblar. Keçirilən baxış zamanı onlardan 320 qrama yaxın narkotik vasitə heroin aşkarlanaraq götürülüb. Faktlarla bağlı araşdırma aparılır.