“Uşaqlar üçün bu cür analar təhlükəlidir” - Psixoloq

 “Uşaqlar üçün bu cür analar təhlükəlidir” - Psixoloq

Mayın 22-də Dənizkənarı Milli Park ərazisində baş verən intihara cəhd hadisəsi ciddi müzakirə yaradıb. Ana əvvəlcə azyaşlı övladını suya atıb, sonra isə özü intihara cəhd edib. Onların hər ikisi ətrafdakıların və xilasedicilərin köməyi ilə sudan sağ-salamat çıxarılıb, lakin bir ananın övladının canına qıymağı gözə alması yan keçiləcək məsələ deyil. Təbii ki, hər kəs hadisəni öz tərəfindən dəyərləndirir, hamı görə bildiyi qədər görür. Müzakirələr zamanı qeyd olunur ki, hər nə olursa-olsun, heç bir vəziyyət ananın övladının həyatına qəsd etməsinə bəraət qazandıra bilməz. İctimaiyyət nümayəndələri düşünürlər ki, valideyn öz övladını həyatdan məhrum etmək dərəcəsinə gəlibsə, deməli, onun psixoloji vəziyyəti normal deyil.

Asayis.Az xəbər verir ki, hadisə ilə bağlı fikirlərini bölüşən tanınmış psixoloq Samirə Bağırova bildirib ki, ümumiyyətlə, bir insanda intihar düşüncəsi yaranırsa, bu, psixoloji pozğunluqdur. 

Psixoloq deyib ki, insan bu düşüncəsinin fərqindədirsə, artıq onun ruhu ciddi yanaşma, yəni psixoloji dəstək tələb edir: “Çünki psixologiya insanın ruh aləmini, yəni şüurunu öyrənən elmdir. İntiharın növləri var. Əgər insan depressiyanın artıq apatiya mərhələsindədirsə, deməli, bu insanın həyatla bağları qırılıb - düşünə bilmir, heç nəyə reaksiya verə bilmir, heç bir həyat eşqi, heç nəyə bağlılığı, hissləri yoxdur, emosiyaları donuqdur. Belə insanlar intihara cəhd etmir, birbaşa ölümü seçir və ölür. Bir var, özünü diqqət mərkəzinə gətirmək üçün “mən də varam” mesajını verən intihara cəhd növü. Belə insanlar cəmiyyətə uyğunlaşa bilməyən və bundan əziyyət çəkən insanlardır.

İntiharın digər növü mayın 22-də intihara cəhd edən xanımın atdığı addımdır. Yəni insanın kimisə cəzalandırmaq üçün intihara cəhd etməsi. Belə insanlar isteriklər kimi öncədən məkanı, orada insanların olub-olmadığını anında beyinlərində cızırlar. Bu, şüursuz şəkildə baş verir. Əlbəttə, hər şey onun planladığı kimi getməyə də bilər, amma riskə gedir. Və bu cür insanların intuisiyası güclü olur, şüurlarında özünümüdafiə mexanizmi avtomatik işə düşür. Bu intihar cəhdini seçənlərin düşüncəsində yalnız intiqam hissi, əvəz çıxmaq hissi olur. Bu, birini öz ölümü ilə cəzalandırmaq, onu vicdan əzabı ilə cəmiyyət içində günahkar vəziyyətdə qoymaq üçün seçilən cəhd növüdür. Qısası, “narsist” - demək olar ki, bu da psixi pozğunluqdur. Bu tip insanlarda ana-uşaq bağları ya zəif olur, ya da heç olmur. Çünki yalnız özünü düşünür, hər şey onun dediyi, onun istədiyi kimi olmalıdır. Olmadıqda bu şəkildə cəzalandırmağı seçirlər. Uşağa yaşatdıqları travma və sarsıntını onlar düşünmürlər, əsas budur ki, məqsədləri alınıb. Bu, geniş yayılmış intihar növlərindən biridir. Əlbəttə ki, uşaqlar üçün bu cür analar təhlükəlidir”.

 

Pravda.az

12:44 - 24 May 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin