Qadınlar kişilərdən heç də bacarıqsız deyil - Bunu sübut edən iki dəfə Nobel alıb

 Qadınlar kişilərdən heç də bacarıqsız deyil - Bunu sübut edən iki dəfə Nobel alıb

Qadın hüquqları qadınların sosial-iqtisadi, mülki və siyasi statusunu təmin edən hüquqlardır. Onlar qadınları gender ayrı-seçkiliyindən qorumaq üçün nəzərdə tutulub. Qadın hüquqları insan hüquqları sahəsində çoxsaylı beynəlxalq müqavilələrdə, qətnamələrdə, bəyannamələrdə və fəaliyyət proqramlarında təmin edilmiş əsas insan hüquqları sırasındadır. Qadın hüquqlarına dair əsas beynəlxalq müqavilə Birləşmiş Millətlər Təşkilatının Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Konvensiyası (CEDAW) və onun Fakültativ Protokoludur.

Gender bərabərliyi o deməkdir ki, qadınlar və kişilər eyni imkanlara, hüquqlara və vəzifələrə malik olmalıdırlar. Yəni, qadınlar və kişilər bərabər səlahiyyətlərə, bərabər təhsil imkanlarına malik olmalı, ev və uşaqlar üçün bərabər məsuliyyət daşımalıdırlar. Azərbaycanda gender bərabərliyi sahəsində həm Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, həm də digər təşkilatlar tərəfindən bir çox işlər görülsə də, müsbət nəticələrlə yanaşı neqativ hallara da əfsuslar olsun ki, rast gəlinir.

Qadın hüquqlarının pozulması və gender bərabərsizliyi daha çox mental dəyətlər, dini inanclar əsas gətirilərək edilir. Məhz bu iki amil qadınların özünü inkişaf etdirməsi qarşısında bəzən keçilməz səd rolunu oynayır. Mental dəyərlər dedikdə, el arasında “mentalitet” kimi qəbul olunan bu məfhum nəzərdə tutulur. Mental dəyərlər özü-özlüyündə müsbət və dəyərləri özündə əks etdirən bir məfhum olsa da, bəzən yazılmayan qanunlar və mənşəyi məlum olmayan qadağalar qadınların hüquqlarının pozulması ilə nəticələnir.

Ökəmizdə qadınların hüquqları əsasən təhsil, ailə həyatı və karyera qurmaqda pozulur. Təbii ki, başqa hallarda hüquqlar pozulsa da daha çox bu üçü gözə dəyir. Misal üçün qızlar hələ orta məktəbdə oxuyarkən məhz mentalitet ortaya girərək nə onları orta təhsillərini başa vurmağa, nə də ali təhsil almağa imkan verir. Təbii ki, bu bütün qızara aid deyil və problem yaranan hallar nəzərdə tutulur.

Bəli, mentalitet “qız nədir, oxumaq nədir”, “yazıb oxumağı öyəndisə, bəsidir” deyərək qızları təhsildən yayındırır, onları evdə dustağa çevrir, bir müddət sonra isə ən yaxşı halda bəyəndiyi şəxsə ərə verir. Bəzən isə qızların heç bir fikri soruşulmadan onların evliliyi valideynləri tərəfindən təşkil olunur. Yaranmış mənzərə isə çox acınacaqlı olur. Əvvəla savadsız, təhsilsiz bir qız ortaya çıxır, ardınca həmin qız bir müddət sonra ana olur.

Hansısa səbəbə görə, belə bir fikir formalaşır ki, oxumuş, ali-savadlı qız heç də tərbiyəli və əxlaqlı olmayacaq. Heç də onda valideyn xüsusiyyətləri formalaşmayacaq və normal şəkildə ailə həyatı qura bilməyəcək. Bunun əksini düşünmək, bəzən mentalitet üçün qırmızı xətt rolunu oynayır.
Qəribə səslənsə də, qızların təhsildən yayındırılmasında din faktorundan da istifadə olunur. Halbuki İslam dininin əsas prinsipi beşikdən qəbirə kimi təhsil almağı özündə əks etdirir. Qızları təhsildən yayındıran valideynlər məhz din faktorunu işə salaraq yanlış çıxarışlar edir və mənfi mənzərə yaradırlar. Misal üçün, dində qızların oxumasının vacib olmadığı, əsas ailə həyatı qurmağa fikir verməli olduqları və əxlaqlarına diqqət yetirmələri bildirilir. Halbuki İslam dinin əziz peyğəmbəri heç bir halda qızların təhsildən məhrum edilməsini buyurmayıb. Qurani-Kərimdə ayə və hədislərdə bir buyruq belə yoxdur ki, qızlar təhsildən məhrum edilsin. Deməli din faktoru da mentalitet kimi yanlış təqdim edilməklə qızların təhsildən məhrum edilməsində bəzən istifadə olunur.

Digər acınacaqlı hal qızların erkən ərə verilməsidir ki, yenə mentalitet və din önə çəkilir. Əfsuslar olsun ki, din adından istifadə olunaraq ölkəmizdə cinayət sayılan erkən evlilik hallarına rast gəlinr. Yetkinlik yaşına çatmayan qızlar zorla və ya könüllü ərə verilir və əfsuslar olsun ki, nəticəsi kimi boşanma halları, cinayət və qadınlara qarşı zorakılıqlar, qətllər qeydə alınır. Bu işdə ən çox ziyan görənlər arasında övladlar olur.

Mentalitet və din faktorunun müdaxilə etdiyi digər sahə karyeradır. Sanki belə bir fikir formalaşır ki, qadın evli və ya subay olmasından asılı olmayaraq işləyə bilməz və karyera qura bilməz. Burada gender bərabərsizliyi qabarıq şəkildə özünü göstərir. Əvvəlcə onu deyək ki, “Bütün qadınlar işləməlidir, ona uyğun olan və olmayan sahədə çalışmalıdır və ailəsi ilə məsləhət etmədən mütləq işləməlidir”, - deyə fikir yoxdur.

Təbii ki, əgər qadın öz ixtisasına uyğun iş tapırsa, onun işləmək, karyera qurmaq və ailəsinə böyük dəstək göstərmək imkanı varsa heç bir halda bu hüquqdan məhrum edilməməlidir. Ümumiyyətlə, qadınların fikir və rəylərinin nəzərə alınmaması və bir kənara atılması, onların ağıllarının az olması fikri kökündən yanlış və heç bir əsası olmayan düşüncədir. Qadınların əsas vəzifəsinin ev işləri ilə məşğul olmaq düşüncəsi də birmənalı şəkildə rədd edilir və gender bərabərliyinin pozulması kimi qəbul olunur.

Çünki normal, sivil və inanclı ailələrdə ev işləri heç də bütünlüklə qadının üzərində olmamalıdır. Çünki qadın hüquqları və İslam dinin göstərişləri də məcbur edir ki, qadınlarla bərabər kişilər də ev işlərində aktiv olmalı və ailəsinin daima xidmətində olmalıdır. Bununla bağlı İslam peyğəmbəri və imamlardan hədislər mövcuddur. Təsəvvür edə bilirsinizmi, bir şirkətə rəhbərlik edəcək, külli miqdarda məvacib qazana biləcək bir qadın evdə qab və paltar yumağa məcbur edilir. Ailənin xidmətində dayanmaq və iş işləri görmək heç də pis və aşağı bir şey olmasa da, ancaq potensialın evdə öldürülməsi və elm və bacarığı olan qadının bunu hər hansı sahədə göstərməyə şərait yaradılmaması anormal haldır.

Əgər gender bərabəliyi təmin olunarsa, cinslər arasında ayrı-seçkiliyə yol verilməyəcək. Tarix boyu qadınlara ikinci cins kimi baxılıb. Qadının zehni həmişə kişidən az təsəvvür olunub, zəif cins kimi qəbul edilib. Beynəxalq araşdırmalar onu göstərir ki, qadın və kişilər arasında zəka ayrlığı yoxdur. Yəni, hər iki cinsə yaradılan bərabər imkanlar istənilən cinsdən olan şəxsin uğur qazanmasına səbəb ola bilər. Bunun üçün mütləq kişi və ya mütləq qadın olmaq lazım deyil, sadəcə çalışqanlıq gərəkdir. Bunun bariz nümunəsi kimi, dünyada iki sahə üzrə Nobel mükafatı almış şəxsi misal göstərmək olar. Bu, polyak əsilli fransız kimyaçısı və fiziki Mariya Salomea Küridir. Bu qadın bütün dünyaya sübut edib ki, qadınların ağlı heç də kişilərdən az deyil, bərabərdir və lazım gələrsə artıq da ola bilər. Onun iki sahə üzrə Nobel mükafatına layiq görülməsi dediklərimizin həqiqət olduğu ortaya qoyur.

Neqativ hallarla yanaşı Azərbaycanda qadın hüquqları və gender bərabərliyi sahəsində ciddi uğurlar da mövcuddur. Heç kimə sirr deyil ki, Azərbaycanın qanunvericiliyi və hökuməti ölkədə qadınlara azad seçim etmək, karyera qurmaq və öz hüquqlarından istifadə etmək imkanı yaradır. Ölkəmizdə qadınların istər sosial, istərsə də siyasi sferada aktiv təmsil olunması bunun bariz nümunəsidir. Ölkənin Birinci Vittse-prezidentinin Mehriban Əliyeva, parlament sədirinin Sahibə Qafarova və digər dövlət qurumlarında qadın rəhbərlərin bu postu daşıması, eləcə də təhsil, səhiyyə və digər sahələrində yüksək vəzifələrdə təmsil olunması ölkədə qadın hüquqlarının ali səviyyədə təmin olunmasından xəbər verir.

Yazı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Milli Mətbuat Günü münasibəti ilə keçirdiyi müsabiqəyə təqdim olunur.

Orxan Hüseyn

11:00 - 23 May 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin