Dələduzlar naşirin 10 min dollarını “yedilər”

 Dələduzlar naşirin 10 min dollarını “yedilər”

"İki il əvvəl Alibaba vasitəsilə Çindən tapdığım kağız satan firmaya 10 min dollar ödədim. Müqaviləyə əsasən, həmin firma 2 ay ərzində kağızı hazır edib göndərməli idi. Vaxt-vədə gələndə o firma yoxa çıxdı".

Bakupost.az xəbər verir ki, bunu tanınmış naşir, "Qanun” Nəşrlər Evinin rəhbəri Şahbaz Xuduoğlu sosial şəbəkə hesabında bildirib.

O, uzun müddət həmin firmanı axtarıb tapmağa çalışsa da, buna nail ola bilməyib:

"Axtardım, hər yana yazdım, gördüm deyən olmadı. Bizim Xarici İşlər Nazirliyi, Çində olan səfirliyimiz, onların Ədliyyə Nazirliyi, bizim Milli Bank və s. ünvanlara müraciət etdim, xeyri olmadı. Necə deyərlər, it də getdi, ip də".

Ş.Xuduoğlu qeyd edib ki, xarici şirkətdən sifariş etdiyi kağızı ala bilməməsi,10 min dollar vəsaitinin batması bir yana, üstəlik bu məsələyə görə məhkəməyə də verilib:

"Bu yaxınlarda Milli Bank bizi məhkəməyə verdi ki, bu vəsait ölkədən çıxıb, amma qarşılığında heç nə gəlməyib, cəriməni ödə. Başıma gələn hadisəni yazılı təqdim edirəm, sənədlər, sübutlarla. Deyirlər, hə, düz deyirsən, amma bunun bizə aidiyyatı yoxdur. Məhkəmə də araşdırma aparmadan Milli Bankın iddiasını təmin edib. Apelyasiyaya şikayət etmişik. Orada da birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb, deyirlər ki, 3 min manat ödəməlisən. Cəmiyyətdə insanların ortaq dəyəri, ortaq dili qanunun, hüququn dilidir. Cəmiyyətimizdə bu dil niyə həmişə bizim əleyhimizə danışmalıdır?!"
Mütəxəssislər də məhkəmənin "Qanun" Nəşrlər Evinin cərimə olunması barədə qərarının ədalətsiz olduğunu düşünürlər.

Bank məsələləri üzrə ekspert Əkrəm Həsənov Bakupost.az -a bildirib ki, istənilən vətəndaşı cərimələmək və ya məsuliyyətə cəlb etmək üçün əvvəlcə onun təqsiri sübut olunmalıdır:

"Əslində, Şahbaz bəy burada zərərçəkmiş qismindədir, pulu batıb. Hüquqlarının pozulması, ziyana düşməsi azmış kimi, üstəlik Mərkəzi Bank da onu cərimələyir. Təəssüf ki, belə hadisələr Azərbaycanda kifayət qədər tez-tez baş verir. Sahibkarları külli miqdarda cərimələyirlər. Bu, düzgün deyil".
Ekspertin sözlərinə görə, qanunvericilikdə xaricdən 2 il ərzində qayıtmayan vəsaitə görə həmin məbləğin 30 %-ı həcmində cərimə nəzərdə tutulub:
"İnzibati Xətalar Məcəlləsinə görə, əvvəl bu müddət 180 gün, daha sonra 1 il oldu, indi isə 2 ildir. Lakin bu məsələdə Mərkəzi Bank, ümumiyyətlə, təqsiri sübut etməyə belə cəhd etmir. Yəni sahibkarın həmin vəsaitin qaytarılması üçün heç bir iş görmədiyi sübut olunmalıdır. Faktiki olaraq, Şahbaz bəy kifayət qədər tədbir görüb və lazimi yerlərə məlumat verib. Burada Milli Bankın yanaşması sərt və səhvdir. Əslində biz bu qanunu Rusiyadan götürmüşük. Amma bizdə Rusiyadakı kimi icra edilmir. Qanunvericilikdə heç yerdə göstərilməyib ki, bu məsələ ilə Mərkəzi Bank məşğul olsun. Faktiki olaraq, Mərkəzi Bank bu səlahiyyəti özü-özünə verib. Təəssüf ki, bizim məhkəmələrin də yanaşması səhvdir. Çünki məhkəmələrin qərarlarına baxsaq, ümumiyyətlə, şəxsin təqsiri məsələsinə toxunulmur".

Ə.Həsənov Ş.Xuduoğlunun məsələ ilə bağlı Konstitusiya Məhkəməsinə müraciət etməli olduğunu da bildirib:

"Konstutiyamıza görə vətəndaş özünün təqsirsiz olduğunu sübut etməyə borclu deyil. Əksinə, dövlət onun təqsirli olduğunu sübut etməlidir. Amma bu kimi işlərdə təqsiri sübut etməyə cəhd də etmirlər. Fikrimcə, bu məsələyə Konstitusiya Məhkəməsi baxmalı və ədalətli qərar verməlidir".

Məsələ ilə bağlı Bakupost.az AMB-yə sorğu ünvanlasa da, cavabsız qaldı.

13:42 - 12 May 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin