İki fəhlənin ölümünə görə “Azərişıq” ASC-nin əməkdaşına CƏZA VERİLDİ

 İki fəhlənin ölümünə görə “Azərişıq” ASC-nin əməkdaşına CƏZA VERİLDİ

Ağdaş Rayon Məhkəməsində “Azərişıq” ASC-nin Mərkəzi Aran Regional Elektrik Təchizatı və Satışı İdarəsinin (RETSİ) Paylayıcı Şəbəkə sahəsinin 1 nömrəli şəhər şəbəkə sahəsində yarımstansiya üzrə elektrik montyoru vəzifəsində işləmiş Elman Səfərovun (şərti) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

Asayis.Az-ın məlumatına görə, hakim Cavid Sultanovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə o, 4 il 6 ay azadlıqdan məhrum edilib. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcək.

Qeyd: 25 dekabr 2022-ci il tarixdə, saat 15:45 radələrində "Azərişıq" ASC-nin Ağdaş şəhəri ərazisindəki elektrik şəbəkəsinin inzibati binasının həyətyanı sahəsində təmir işləri görən əməkdaşları -1986-cı il təvəllüdlü Elşən Mustafayev və 1983-cü il təvəllüdlü Ceyhun Nəbiyevi elektrik cərəyanı vurub. Nəticədə Ceyhun Nəbiyev hadisə yerində ölüb, digəri isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Polis və prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib.

Yanıq xəsarətləri alan Elşən Mustafayev xəstəxanaya yerləşdirilib. O, 25 dekabr 2022-ci il tarixdə Bakı şəhərində müalicə aldığı xəstəxanada vəfat edib.

Faktla bağlı Ağdaş Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Daha sonra Elman Səfərov cinayət məsuliyyətinə cəlb edilib.

 

Pravda.az

14:34 - 10 May 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin