Ukraynada tutularaq Azərbaycana gətirilən Maqsud Mahmudovun cinayət işi üzrə məhkəmə iclasında zərərçəkmiş qismində müğənni Afət Fərmanqızı dindirilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə o bildirib ki, təqsirləndirilən şəxs ona pul vermədiyi üçün şantaj edib.
Müğənni deyib ki, M.Mahmudov onunla bağlı montaj edilmiş videoları sosial şəbəkələrdə yayıb: “Mən də məcbur olub dövlət qurumlarına müraciət etdim. Maqsud məni həm təhqir, həm də təhdid edirdi. Məqsədi isə bizdən pul almaq idi. Daha sonra ona pul vermədik deyə, təhdidə başladı və 1 000 manat pul istədi. Maqsuda niyə pul verməliyəm ki?
Adını çəkmək istəmədiyim bəzi müğənnilər ona pul verdi. Amma nə mən, nə də Manaf Ağayev pul verdik. Daxili İşlər Nazirliyinə müraciət edən zamanı məni ora dəvət etdilər, şikayətimə baxıldı”.
Proses davam edir.
Qeyd edək ki, Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu 2021-ci ilin iyul ayında Ukrayna ərazisində tutulub.
O, sentyabrın 18-də Ukraynadan Azərbaycana gətirilərək istintaqa təhvil verilib.
İstintaq dövründə onun barəsində xüsusi dəyəri olan əşyaları talama maddəsi ilə ittiham irəli sürülüb.
İş üzrə 90 nəfər zərərçəkmiş var. Zərərçəkmişlərdən ikisi müğənni Afət Fərmanqızı və Vasif Məhərrəmlidir.