“Onun övladı ölüb, gedib salona dırnağını sökdürməli idi?!”

 “Onun övladı ölüb, gedib salona dırnağını sökdürməli idi?!”

Artıq bir neçə gündür ki, ölkə gündəmini 7 yaşlı uşağın idman zalında məşq edən zaman vəfat etməsi zəbt edib.

Hadisədən dərhal sonra sosial şəbəkələrdə Fəridin anası Aynur Məlikovanın məşqçi Mehman Xəlilovla yaxın münasibəti olduğu haqda iddialar irəli sürüldü. Aynur Məlikova isə yayılan məlumatların əsassız olduğunu, əgər belə hal olsa idi, heç kimə hesab vermək məcburiyyətində olmadığını qeyd etdi.

Bəs görəsən, cəmiyyət niyə azyaşlının 3-ü çıxmamış dərdli ananı ittiham etməyə başladı? Bunun altında hansı psixoloji səbəblər yatır?

Pravda.az xəbər verir ki, məsələ ilə bağlı Yenisabah.az-a danışan psixoloq Gülnar Orucova yaxınını itirən şəxslərin psixologiyasında ciddi dəyişikliklərin müşahidə edildiyini bildirib:

“Yıxılan insana balta vuran çox olur. İnsan hər hansı yaxınını itirdikdə psixoloji vəziyyəti dəyişə bilər, o, hətta özünü ruhi xəstə kimi apara bilər, ağlamalı bir şey belə ona gülməli gələ bilər, çünki bu onun yaşadığı travmanın verdiyi psixoloji pozuntudur. İnsanlara ananın o cür danışması qəribə gəldi, onu dırnağına görə qınadılar və s. Məlum məsələdir ki, bu gün qadınların əksəriyyəti dırnaqlarını salonda dırnaq ustalarına düzəltdirirlər və qadının evdə özünün o dırnağı sökməsi mümkün deyil. Onun övladı ölüb, gedib salona dırnağını sökdürməli idi? İnsanlar daha sonra başladılar ki, xanımın məşqçi ilə münasibəti olub. Birincisi, xanımın məşqçi ilə hər hansı münasibəti olsa idi müəllim onun uşağına daha yaxşı davranardı, digərlərindən seçərdi. Nədənsə, insanlara ananı aşağılamaq daha asan gəldi”.

 

Psixoloq tanınmış jurnalist Ləman Ələşrəfqızının məşqçisi tərəfindən öldürülən Fərid Bakarovun anası barədə dediklərini də cavabsız qoymayıb. O, övladını itirən ana haqda heç bir fakt olmadan bu cür ittihamların səsləndirilməsini sərt tənqid edib:

 

“Hər hansı jurnalistin ananı bu qədər əzməsi adil deyil. Sən jurnalist ola bilərsən, lakin bir ananı əzməyə haqqın yoxdur.  Hər insanın sevmə şəkli fərqlidir. Dedilər ki, uşağını dişlək-dişlək edib. Bu onun sevmə şəklidir, o uşağı anadan çox sevən ikinci insan ola bilməz. Bu məsələdə jurnalisti qınadım. Birinci ana olmaq, daha sonra fikir yürütmək lazımdır. Əldə fakt olmadan yazıb ki, mənim bir tanışım zəng etdi, filan şeyi dedi. Bu, qeyri-peşəkarlıqdır.

Ananın vəziyyəti onsuz da onun üçün travmadır, ona ikinci zərbəni də bu şayiəni yayan jurnalist vurdu. Çox ayıb olsun. Bəzi şeyləri sübut, fakt olmadan səsləndirmək olmaz, ayıbdır. Bu heç bir etik normaya sığmır.

İnsanlar əvvəl ananın dərdinə şərik çıxdı. Daha sonra həmin ananı gözdən saldılar. Bir insanın şəxsi həyatına kiminsə müdaxilə etməyə haqqı yoxdur. Ailəsinin belə onun şəxsi həyatına qüarışmağa ixtiyarı yoxdur, yetkinlik yaşına çatmış, 2 uşaq anası olan bir qadındır. Jurnalistin belə etməsi anaya ağır zərbədir”.

17:12 - 4 May 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin