Ötən ayın əvvəli Sumqayıtda saxlanılan “İctimai Nəzarət Koalisiyası”nın sədri Rasim Məmmədovun törətdiyi bəzi cinayətlərin detalları məlum olub.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, araşdırmalarla müəyyən edilib ki, R. Məmmədov dələduzluqla, habelə hədə-qorxu ilə pul tələb edərək xeyli adama ziyan vurub.
R.Məmmədovun əməllərindən zərərçəkən çoxlu sayda iş adamı və müharibə qaziləri Daxili İşlər Nazirliyinə şikayətlər ünvanlayıblar.
Belə ki, R. Məmmədov Birinci Qarabağ müharibəsi qazisi Sevgili Rəsulovanın Sabunçu rayonu “Gülçülük” adlanan ərazidə tikintisi yarımçıq qalan evinin tamamlanacağına söz verərək ondan 6 min manat pul alıb.
Həmçinin, Sumqayıtda Nəsimi Məmmədov adlı vətəndaş da təşkilat sədrinin tələsinə düşüb. O, Tağıyev qəsəbəsindəki obyekt üçün yararlı olan yarımtikilinin alınması üçün R. Məmmədova 8 min manat ödəyib. Ancaq ortada nə pul olub, nə obyekt.
Araşdırmalar zamanı R. Məmmədovun xuliqanlıq əməli də aşkar edilib. Məlumata görə, o, Sumqayıtda yerləşən “Azmetal” MMC-yə gələrək səbəbsiz yerə oranın direktor müavini Ramiz Hüseynovu söyüb və əlindəki telefonu şirkətin anbardarı Sabir İsmayılovun başına çırpıb.
Bundan başqa, “İctimai Nəzarət Koalisiyası” sədrinin "reketliyi" də ortaya çıxıb. Məlum olub ki, o, obyektlərdən hədə-qorxu ilə pul tələb edirmiş. Belə ki, R. Məmmədov Sumqayıtdakı taksi parkla üzbəüz obyektlərdən aylıq icarə haqları alıb. O, bu əməlini 2013-cü ildən həbs edilən günədək davam etdirib.
Eyni cinayətlə üzləşən digər şəxs isə şəhərin İnşaatçılar qəsəbəsindəki “Az-Lead” MMC-nin direktor müavini işləyən Türkiyə vətəndaşı Uğur Dəniz də DİN-ə müraciət ünvanlayıb. O bildirib ki, R. Məmmədov onu və zavodun rəhbərliyini televiziya və internet vasitəsilə rüsvay edəcəyi ilə hədələyərək 1500 manat pul alıb.
Qeyd edək ki, “İctimai Nəzarət Koalisiyası”nın sədri Rasim Məmmədov bu il fevralın əvvəli Sumqayıt şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.