“Əgər bu cərimələr yerində aşkarlanmışdısa, bunun hüquqi əsas var. Yox, kameralar vasitəsilə çəkilmişdisə, bu, artıq qanunsuzdur. Çünki biz hər zaman onu deyirdik ki, kamera vasitəsilə çəkilən cərimələr qanunsuz hesab olunur. Habelə İnzibati Xətalar Məcəlləsində bu barədə heç bir məlumat öz əksini tapmırdı”. Bu sözləri Yenisabah.az-a açıqlamasında nəqliyyat üzrə mütəxəssis Elməddin Muradlı deyib. O, cari ilin aprelin 19-da Azərbaycan Prezidentinin Sərəncamı ilə ləğv edilən Bakı Nəqliyyat Agentliyinin (BNA) zamanında sürücülərə tətbiq etdiyi cərimələrin yekun taleyi ilə bağlı səsləndirilən suallara aydınlıq gətirib.
E. Muradlı söyləyib ki, BNA hər zaman inadkarlıq göstərirdi və hesab edir ki, cərimələri yazmaq lazımdır, yəni qanunda olmayan şeyləri agentlik tətbiq edirdi:
“Biz hər zaman bunun əleyhinə idik və bu barədə danışırdıq. Hazırda BNA ləğv edilsə də, edilməsə də onsuz da bu cərimələr qanunsuzdur və bunlara hansısa bir formada xitam verilməlidir. Belə görünür ki, bunun üçün vətəndaş özü müraciət etməlidir. Çünki bunlar öz xoşluqları ilə bu işi görməyəcəklər”.
“Bundan sonra da onların səlahiyyəti, habelə sistemə giriş imkanları olacaqmı, bu cəzaları kim silə bilər, bilinmir. Çünki qanun indi qüvvəyə minib, təxminən 1 aydır. Yəni Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi Daxili İşlər Nazirliyinin bir orqanı olaraq, kameralar vasitəsilə cərimə yazmağa başlayıb və bu müddəa ilin əvvəllərində qanuna salındı. Ortaya məntiqli bir sual çıxır ki, bu məsələ qanuna indi salınıbsa, BNA bunu indiyə qədər necə tətbiq edib?”, – əlavə edib.
“Burada böyük bir kəşf aparmağa ehtiyac yoxdur, aydın məsələdir ki, indiyə qədər kamera ilə çəkilənlər qanunsuz olub. Heç kim də bu qanunsuzluğa haqq qazandıra bilməz... Mən BNA-nın ən “bərkgedən” vaxtlarında da demişəm, indi də deyirəm ki, yazılan cərimələr qanunsuzdur, silinməlidir. Doğrudur, vətəndaş səhv edə bilər, amma hansısa səhvə qarşı qanunsuz yollarla mübarizə aparmaq olmaz”, – mütəxəssis yekunlaşdırıb.