Şöbə müdirini və qohumunu avtomobillə qəsdlə vuran şəxsə hökm oxundu

 Şöbə müdirini və qohumunu avtomobillə qəsdlə vuran şəxsə hökm oxundu

Şəki Ağır Cinayətlər Məhkəməsində İsmayıllı rayonunda qəsdən adam öldürməyə cəhddə təqsirləndirilən Fazil Ağamirzəyevin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

 

Asayis.az-ın əldə etdiyi məlumata görə, hakim Rafail Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 

Məhkəmənin hökmü ilə o, Cinayət Məcəlləsinin 29,120.2.4 (qəsdən adam öldürməyə cəhd) və 29,120.2.7-ci (qəsdən adam öldürməyə cəhd) maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini anlaqsız vəziyyətdə törətməsi sübuta yetirilmiş hesab olunsun və Fazil Ağamirzəyev cinayət məsuliyyətindən azad edildin. Təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 95.0.2-ci maddəsinə uyğun olaraq ümumi tipli psixiatriya stasionarında məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin olunub. Qərarın icrası Səhiyyə Nazirliyinin 1 saylı Respublika Psixiatriya Xəstəxanasına tapşırılıb. Fazil Ağamirzəyev barəsində seçilmiş həbs qətimkan tədbiri qərar qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılıb.

 

Qeyd: 2021-ci il noyabrın 28-də İsmayıllı rayonunda iki piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

Belə ki, İsmayıllı rayon sakini, 1966-cı il təvəllüdlü Ağamirzəyev Fazil Səməd oğlu idarə etdiyi 10-LZ-067 dövlət nömrə nişanlı "VAZ-2107" markalı minik avtomobili ilə Heydər Əliyev prospektində hərəkətdə olarkən əvvəlcədən aralarında mübahisə olmuş İsmayıllı Rayon Mərkəzi Xəstəxanasının terapiya şöbəsinin müdiri, 1975-ci il təvəllüdlü Abbasov Elçin Şahsuvar oğlunu və onun qohumu, 1981-ci il təvəllüdlü Əzizov Rövşən Aydın oğlunu yolun əks istiqamətindəki səkidə piyada hərəkətdə olduğunu görüb və qəsdən nəqliyyat vasitəsini onların üzərinə sürüb.

 

Nəticədə hər iki şəxs müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Sonradan vəziyyəti ağırlaşan yaralılar müalicə üçün Bakı şəhərindəki xəstəxanalardan birinə aparılıb.

 

Faktla bağlı İsmayıllı Rayon Polis Şöbəsi tərəfindən Cinayət Məcəlləsinin (CM) 127-ci maddəsi ilə (qəsdən sağlamlığa ağır zərər vurma) cinayət işi başlanılıb, Fazil Ağamirzəyev təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunub. Daha sonra onun törətdiyi cinayət əməli ağırlaşdırılıb.

 

Belə ki, Fazil Ağamirzəyevin barəsində CM-nin 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə cəhddə) maddəsi ilə ittiham irəli sürülüb.

10:00 - 25 Aprel 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin