"Fitrə zəkatını kart hesabına ödəmək də məqbuldur" - Şeyxin müavini

Ramazan ayının sonuncu günündə möminlər ehtiyacı olanlara evdən sədəqə aparmalıdırlar. Bu sədəqələrin məbləği müxtəlif dənli məhsulların qiymətinə əsasən hesablanır. Fitrəni insanlar tanıdıqları ehtiyaclı ailələrə və ya xəstə şəxslərə verməlidir. 

Asayis.Az xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Hacı Fuad Nurullayev açıqlamasında deyir ki, fitrə zəkatı bayram namazına qədər çıxarılmalıdır. 

Onun sözlərinə görə, fitrə zəkatının bank kartı ilə və ya əllə verilməsi məqbul hesab edilir:

"Əgər ehtiyacı olan insan varsa və o, rayondadısa, əlbəttə o zaman fitrə həmin şəxsin kart hesabına ödəyə bilərsiniz. Buna heç bir məhdudiyyət yoxdur. Amma bir məsələ var ki, bəzi insanlar sosial şəbəkələrdə bank kartı qoyurlar və bu ailəyə kömək etməyi xahiş edirlər. 

Qeyd edim ki, bilmədiyiniz, tanımadığımız, təsadüfi insanlara fitrə zəkatı vermək olmaz. Gərək dəqiqləşdirəsən ki, həqiqətən də, bu insanın ehtiyacı var, ya yox. 

Bəzi insanlar var ki, vətəndaşları aldadırlar və müəyyən məbləğdə özlərinə vəsait yığırlar. Dilənçilər var ki, fitrəni yığmaq üçün qapı-qapı gəzirlər. Deyirlər ki, bizə verin. Fitrəni tanıdığınız insanlara verin. Bu, kasıbın haqqıdır və bunu yalnız sahibinə vermək lazımdır".

Demokrat.az

15:35 - 19 Aprel 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin