“Qarabağ”ı dini komandaya çevirmək istəyənlər kimlərdir?!

 “Qarabağ”ı dini komandaya çevirmək istəyənlər kimlərdir?!

“Qarabağ” futbol klubu öz uğurları ilə Azərbaycan futbolunun incisinə çevrilib. Təkcə ona görə yox ki, klub Avropada uğurlu çıxışı ilə ölkəmizin adını, imicini yüksəldir, həm də məhz daşıdığı ad burada xüsusi əhəmiyyət kəsb edir. Bu baxımdan, “Qarabağ” futbol klubu hər bir azərbaycanlı üçün əzizdir, hətta başqa klubların azarkeşləri belə Qarabağımız Avropa meydanlarında mübarizə aparanda eyni həyacanla izləyir, dəstək olur.

“Qarabağ” futbol klubunun rəsmi sosial şəbəkə hesablarında son paylaşımlardan biri isə sözün gerçək mənasında xoşagəlməz vəziyyətin yaranmasına səbəb oldu. Belə ki, klubun rəsmi səhifəsində Qədr gecəsi ilə bağlı paylaşım edilib. Təbii ki, burada məsələ din və ya Qədr gecəsi yox, futbol klubunun apardığı təbliğatdır.

Bu paylaşım klubun azarkaşləri tərəfindən də birmənalı qarşılanmayıb. Azarkeşlər haqlı olaraq idmanın siyasətdən və dindən ayrı olduğunu bildiriblər.



Demokrat.az-a daxil olan məlunata görə, bu paylaşım baş məşqçi Qurban Qurbanovun bilavasitə təşəbbüsü ilə olub.

Qurban Qurbanovun dindar olduğu məlum məsələdir və buna hər kəs hörmətlə yanaşır. Lakin bu kimi təbliğatların təhlükəli tərəfləri də var.

Hər şeydən öncə bu, klub azarkeşləri arasında ayrı-seçkilik deməkdir. Çünki hər kəs dindar deyil və Azərbaycanda heç kimin inancına, yaxud dinə yanaşmasına müdaxilə olmur. Amma klubun bu addımı rəhbərliyin dini baxışlarının təbliğ edilməsi deməkdir.

Bununla yanaşı, burada idmanın dinlə qarışdırılması elementləri var. Ən diqqətçəkən, həm də riskli hesab oluna biləcək məqam isə Qədr gecəsi paylaşımında məzhəb ayrı-seçkiliyinin də edilməsidir. Azarkeşlərin sözlərindən belə anlaşılır ki, bu paylaşım sünni məzhəbinə uyğun təbliğatın aparılmasıdır. Hətta, bəzi azarkeşlər məzhəb ayrı-seçkiliyinə etiraz da edir.   

Aydın görünür ki, klub bilərəkdən və ya bilməyərəkdən idmanı dini təbliğata alət edir və bu azmış kimi, hətta təbliğatını da məzhəb ayrı-seçkiliyi üzərindən aparır. Təbii ki, belə bir addım qəbuledilməzdir və azarkeşlərdə təəssüf doğurur.
 

16:46 - 18 Aprel 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin