Deputat "Tovuz-Baltiya" şirkətinə şərik olub?

 Deputat

Azərbaycanın ən böyük şərab istehsalçılarından biri olan "Tovuz-Baltiya" MMC-nin səhmlərinin bir hissəsinin satılması barədə sosial şəbəkədə məlumatlar yayılıb. İddia edilir ki, şirkətin səhmlərinin bir hissəsinə Milli Məclisin deputatı Fəzail Ağamalı sahib olub.

Asayis.Az xəbər verir ki, sözügedən iddilarla bağlı "Tovuz-Baltiya" MMC-nin baş direktorunun müavini Günel Məmmədhəsənova açıqlamasında bildirib ki, yayılan informasiyalar həqiqəti əks etdirmir:

"Bu barədə yayılan informasiyalar doğru deyil. "Tovuz-Baltiya" MMC yalnız atam Naiq Məmmədhəsənova məxsusdur və şirkətin səhmləri heç kimə satılmayıb. Şirkətin və onun səhimlərinin bir hissəsinin satılmasıyla bağlı yayılan xəbərlər isə şayiədir".

Qeyd edək ki, əsası 1989-cu ildə qoyulan “Tovuz-Baltiya” LTD şirkəti hazırda “Naiqin KO” korporasiyasının strukturlarından biridir və əsas məqsədi üzüm yetişdirilməsi və şərab məhsullarının istehsalıdır. Zavodda yüksək ixtisaslı mütəxəssislər və iş stajına malik texnoloqlar çalışırlar. Burada təcrübəli texnoloqların köməyi ilə üzümün keyfiyyətli sortlarından müxtəlif şərablar, həmçinin konyak spirti istehsal edilir. 

İstehsal olunan konyak spirti Bolqarıstandan, İtaliyadan və Fransadan gətirilən 100 illik palıddan hazırlanmış çəlləklərdə saxlanılır. Şirkətin məhsulları dünyanın ən mötəbər sərgi və festivallarında uğurla nümayiş etdirilib. 

Rusiya Federasiyasında, Fransada, eləcə də digər xarici ölkələrdə keçirilən sərgilərdə “Tovuz-Baltiya” LTD şirkətinin istehsal etdiyi şərab və konyaklar, həmçinin alkoqolsuz içkilər yüksək qiymətləndirilərək müxtəlif mükafatlara layiq görülmüşdür.
Demokrat.az

16:10 - 18 Aprel 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin