Köhnə məktəbin binasında ər-arvad arasında dava - TƏFƏRRÜAT

 Köhnə məktəbin binasında ər-arvad arasında dava - TƏFƏRRÜAT

Neftçala rayonunda 1979-cu il təvəllüdlü Anar ailə münaqişəsi zəminində həyat yoldaşı Aynurəyə (adlar şərti verilib – red.) xəsarət yetirib. 
Asayis.Az-ın məlumatına görə, hadisə ötən ilin dekabrın 14-də baş verib. 

Anar Neftçala rayonun kəndində birgə yaşadıqları evdə orta dərəcəli alkoqol sərxoşluğu vəziyyətində arvadı Aynurə ilə ailə-məişət münasibətləri zəminində mübahisə edib. 

Mübahisə zamanı Anar arvadını yumruq və təpik zərbələri ilə vurub, ona müxtəlif dərəcəli xəsarətlər yetirib. 

İstintaq orqanı tərəfindən Anarın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Anar ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, birinci arvadından boşanıb: “Aynurə mənim ikinci arvadımdır. Biz 13 yaşlı qızımız ilə birlikdə Neftçala rayonun kəndində yaşayırıq. Spirtli içkilərdən mütəmadi istifadə etdiyim üçün evdə arvadım ilə daim mübahisələrimiz olur”. 

Təqsirləndirilən şəxs deyib ki, dekabrın 14-də, saat 13 radələrində evdə nahar edərkən 250 qram araq içib: “Təxminən yarım saat sonra yadıma düşdü ki, arvadımın qardaşı Fərid alimentə görə tutulub. Ona görə də Fəridin arvadına zəng etdim və ona Fəridlə barışmasını bildirdim. Bunu görən arvadım mənə Fəridin arvadına zəng etməyimi irad tutdu. Buna görə aramızda mübahisə yarandı. Həmin vaxt əsəbiləşərək yumruqla arvadımın sifətinə və başına vurdum. Arvadım yerə yıxıldı. Aynurə yerə yıxıldıqdan sonra da təpiklə onun bədəninin müxtəlif yerlərinə vurdum və ona xəsarətlər yetirdim. Hadisə vaxtı evdə arvadımdan başqa heç kəs olmayıb. Əməlimdən peşmanam”.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Aynurənin sözlərinə görə, əri Anarla 15 ildir evlidir: “13 yaşlı qızımız ilə birlikdə kənddəki köhnə məktəb binasının birinci mərtəbəsində yaşayırıq. Hər ikimiz bir dəfə ailəli olub-boşanmışıq. Sonradan Anarla ailə qurmuşam. Anar 5 ildir ki, mütəmadi olaraq spirtli içkilər içir. Son iki ildə isə hər gün içki içməklə spirtli içki aludəçisi olub. Hər gün sərxoş olub, evdə münaqişələr yaradım”. 

Zərərçəkmiş qeyd edib ki, dekabrın 14-də. saat 13.15-də Anar evə sərxoş vəziyyətdə gəlib: “Anara yemək yeməsini təklif etdim. Anar isə yemək yeməyəcəyini, başqa yerdə yemək yediyini bildirdi. Daha sonra Anar məndən qızdırıcını söndürdüyümü soruşdu. Ona qızıdırıcını söndürmədiyimi bildirdim. Bu zaman aramızda mübahisə yarandı. Anar yumruqla sifətimə və başıma vurdu. Mən müvazinətini itirərək yerə yıxıldım. Yerə yıxıldıqdan sonra da Anar təpiklə ayaqlarıma və bədənimin müxtəlif yerlərinə vuraraq xəsarətlər yetirdi”.

Bu cinayət işinə Neftçala rayon Məhkəməsində baxılıb. 

Məhkəmənin hökmü ilə Anar 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. 

Təqsirləndirilən şəxsin üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 23.00-dan növbəti gün saat 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Neftçala rayonunun ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulub.

15:18 - 18 Aprel 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin