“Bizi məcbur edirlər ki, radikal qərarlar verək...”

 “Bizi məcbur edirlər ki, radikal qərarlar verək...”

Dövlət qulluğuna imtahanın müsahibə mərhələsinin ləğv edilməsi təklif edilir. Belə ki, dövlət qulluğuna imtahan verən savadlı gənclərin əksəriyyəti Dövlət İmtahan Mərkəzinin təşkil etdiyi imtahanlardan yüksək nəticə əldə edirlər. Lakin dövlət qurumlarının “əlibaltalı” 4 nəfərdən ibarət komissiyasının “yatıb yuxuda hazırladıqları” suallar ucbatından ya kəsilirlər, ya da ehtiyata atılıb, “ölmə, eşşəyim, ölmə” mərhələsinə keçid edirlər. XX əsri hələ də “ikıs ikıs”ıncı əsr kimi oxuyanlar “qohumunun”, “tanışının” tapşırığına xatir yuxarı qurumlara yol tapıb, potensiallı gənc kadrların yerini zəbt etdikləri üçün savadı olanlar iş tapmaqda aciz qalırlar. Eyni zamanda müsahibə mərhələsinin həm də DİM-in imtahanlarını şübhə altına saldığının özü də şübhəsizdir.

Asayis.Az xəbər verir ki, Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov da açıqlamasında deyib ki, bu, çox aktual məsələdir.

C.Məmmədov bildirib ki, davamlı olaraq millət vəkillərinə də bu barədə şikayətlər gəlir: “Gənclər bildirirlər ki, imtahanda yüksək bal toplayırıq, amma müsahibə mərhələsindən kəsilirik. Bu, gənclərdə böyük narazılıq yaradır. Əksər hallarda dövlət qurumları da çalışırlar ki, tanışlarını, istədikləri insanları işə götürsünlər. Hesab edirəm, artıq bu barədə düşünməliyik. Çünki bu proses sonda savadlı-bilikli gənclərin dövlət qurumlarına qəbulu işinə maneə yaradır.  Dövlət İmtahan Mərkəzinin ehtiyat bankında yüzlərlə, bəlkə də, minə yaxın gənc var. Onların işlə təmin olunmasında bu problem özünü açıq şəkildə göstərir. Kimsə hansısa tanışını, kiminsə yaxınını işə götürür və bu, yekunda müəyyən problem yaradır. Buna görə də bir sıra hallarda savadlı kadrlar dövlətdən narazı olur, yekunda onlar xaricə üz tuturlar. Beləliklə, savadlı gəncləri itiririk. Artıq hansısa variant barədə düşünmək lazımdır. Hesab edirəm, müsahibə mərhələsinin ləğvi bir variant kimi nəzərdən keçirilə bilər. Gənc kadrlar imtahanı normal keçib, müsahibə mərhələsində kəsilirlərsə, bunun üçün çıxış yolu tapılmalıdır. Artıq ayrı-ayrı dövlət qurumlarının belə addımlar atması bizi məcbur edir ki, hansısa radikal qərarlar qəbul edək. Bu, çox önəmli və aktual məsələdir. Haqqı çatmayan, savadı, biliyi yerində olmayan, az bal toplayan gənclər dövlət qulluğuna gəlirlər. Dövlət qurumlarına ən savadlı, ən vətənpərvər, güclü milli təəssübkeşliyi olan gənclər qəbul edilməlidirlər ki, bundan sonra dövlətimizi layiqli təmsil etsinlər. İmtahanda az bal toplayanların müsahibədən keçirilərək işə götürülmələri ümumi işlərimizə də ciddi xələl gətirir, işin keyfiyyətinin aşağı düşməsinə səbəb olur, dövlət qurumlarında işin düzgün, səmərəli təşkili üçün müəyyən maneə yaratmış olur, ən nəhayət, vətəndaşı dövlətdən narazı salır”.

pravda.az

15:37 - 14 Aprel 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin