Gəncədə gəlin baldızına xəsarət yetirdi - TƏFƏRRÜAT

 Gəncədə gəlin baldızına xəsarət yetirdi - TƏFƏRRÜAT

Gəncə şəhərində 1986-cı il təvəllüdlü Nazilə ailə münaqişəsi zəminində keçmiş baldızı Rəqsanəyə (adlar şərti verilib – red.) xəsarət yetirib. 

Demokrat.az
-ın əldə etdiyi məlumata görə, Nazilə Gəncə şəhəri, Məhsəti qəsəbəsində yerləşən fərdi yaşayış evində keçmiş baldızı Rəqsanə ilə mübahisə edib. 

O, aralarında baş vermiş mübahisə zamanı əli ilə Rəqsanənin boyun nahiyəsindən tutub, dırnaqları ilə boğaz və sinə nahiyəsini cıraraq ona xəsarətlər yetirib. 

Nazilənin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Nazilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. 

O bildirib ki, 2009-cu ildən 2016-cı il tarixədək Rasim ilə qeyri-rəsmi ər-arvad münasibətində birgə yaşayıb: 

“Həmin dövrdə mütəmadi olaraq aramızda ailə münasibətləri zəminində mübahisələr olduğu üçün Rasimdən ayrılmaq qərarına gəldim. Rasimdən ayrıldıqdan sonra məhkəməyə müraciət etdim və Rasim ilə birlikdə yaşadığımız evdən yaşayış hüququ aldım”. 

Təqsirləndirilən şəxs qeyd edib ki, hadisə günü, təxminən 18.30-da məhkəmənin qətnaməsi əsasında yaşamaq hüququ olan evə gedib: 

“Evə daxil olduqdan sonra yaşamaq hüququm olan otaqda uzun müddət yaşayış olmadığı üçün neft ilə otağı silməyə başladım. Həmin vaxt evdə olan Rasimin arvadı Ruhiyyə ona zəng vurdu və  Rasimi evə çağırdı. Bir neçə dəqiqədən sonra Rasim evə gəldi və mənimlə sözlə mübahisə etməyə başladı. Aramızda mübahisə başa çatdıqdan sonra Rasimin arvadı yaxınlıqda yaşayan keçmiş baldızım Rəqsanəni çağırdı. Rəqsanə saat 18.50-də həmin evə gəldikdən sonra ünvanıma nalayiq söyüşlər işlətdiyi üçün aramızda mübahisə yarandı. Mübahisə zamanı Rəqsanə üzərimə gəldi və əli ilə saçımın arxasından tutdu. Həmin vaxt mən də onun saçından tutmaq istədim. Amma boyu uca olduğundan tuta bilmədim və əlim ilə Rəqsanənin boğaz nahiyəsinə dəydi. Həmin vaxt yanmızda olan Rasim araya keçdi və məni tutaraq saxladı. Bu zaman Rəqsanə iki əli ilə saçımdan yolmağa davam etdi”. 
Təqsirləndirilən şəxs qeyd edib ki, mübahisə zamanı qızı da yanında olub və baş verənləri görüb: “Evə daxil olan zaman Rasimin arvadı tək olub. Daha sonra baldızım Rəqsanə və qaynanam da gəldi”. 

Bu cinayət işinə Gəncə şəhər Məhkəməsində baxılıb. 

Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb. 

Bu səbəbdən Nazilənin barəsində olan cinayət təqibinə xitam verilib. 
O, cinayət məsuliyyətindən azad edilib. 
 

12:17 - 10 Aprel 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin