Dünən Bakının mərkəzi yollarında 99-ED-717 dövlət qeydiyyat nişanlı “Volkswagen Touareg” markalı avtomobili arxa-arxaya sürərək yol hərəkəti qaydalarını kobudcasına pozan 20 yaşlı Rauf Cabbarbəyli xəstəxanaya yerləşdirilib. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, saxlanıldıqdan sonra Nərimanov RPİ-nin 18-ci Polis Bölməsinə təhvil verilən Raufun psixoloji problemlərinin olması müəyyən edilib. Onun həkim nəzarətində saxlanılmasına qərar verilib. Baş Dövlət Yol Polisi İdarəsindən məlumatı “Qafqazinfo”ya təsdiq ediblər. O da məlum olub ki, hazırda Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Kimya Mühəndisliyi fakültəsinin tələbəsi olan Rauf 2020-ci ildə buraxılış imtahanlarında yüksək (238,7) bal toplayıb və hazırlaşdığı tədris mərkəzi ən yaxşı tələbələri arasında onun da fotosunu paylaşıb.
Məsələ ilə bağlı ADNSU-ya sorğu ünvanladıq. Universitetdən müraciətimizə belə cavab verildi:
“Cabbarbəyli Rauf Fuad oğlu 2020-ci ildə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Kimya texnologiya fakültəsinin 342.20E saylı qrupuna 572.8 balla qəbul olub. Hər bir kurs üzrə smestr boyu kəsri olmayıb, qarışıq qiymətlər alıb. Ortalaması 72.62-dir. Elektron jurnalda smestrlar üzrə davamiyyət limitini keçməyib. Bu tələbə hazırkı müddətə qədər daxili nizam-intizam qaydalarını pozmayıb”.
Avtosfer.az saytının yaydığı məlumatda Rauf Cabbarbəylinin dünən Azadlıq meydanı yaxınlığında çılpaq soyunaraq sükan arxasında əyləşməsi və oradan başlayaraq avtomobili arxa-arxaya sürdüyü bildirilib. Həmçinin R.Cabbarbəylinin hadisə vaxtı narkotik vasitənin təsiri altında olması iddia edilib.