Son günlərdə yoluxmada ciddi azalma və sağalanların sayında artımın müşahidə olunması, insanlarda müəyyən qədər arxayınlıq yaradıb.
Maraqlıdır bəs, ölkədə epidemioloji vəziyyət necədir? Omikron artıq təslim olurmu?
"Omicron" ştammının səbəb olduğu yeni pandemiya dalğası ABŞ və Avropa Birliyi ölkələrində sönməkdədir. Hazırda Azərbaycanda da epidemioloji durum qənaətbəxşdir”.
Bu sözləri Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, baş infeksionist Təyyar Eyvazov deyib.
O qeyd edib ki, koronavirus növbəti fəsil infeksiyaya çevrilə bilər:
“Yeni yoluxma hallarının sayında, əhalinin test olunmaq üçün müraciətlərində azalma qeyd olunur, sağalan xəstələrin sayı yeni yoluxanları üstələyir, yəni, biz hazırda dalğanın enişindəyik. Görülmüş kompleks tədbirlər nəticəsində "omicron" ştammının yayılma sürəti səngiyib, ambulator müəssisələrin iş yükü artsa da, stasionarların izafi yüklənməsi baş verməyib. Kritik xəstələrin sayı və ölüm göstəricisi əvvəlki dalğalarla müqayisədə aşağıdır. Vaxt keçdikcə virusun mutasiyaya uğrayaraq daha yoluxucu olmasını və patogenliyinin zəifləməsini görürük. Əgər proseslər bu istiqamətdə gedərsə, koronavirus növbəti fəsil infeksiyaya çevrilə bilər”.