Kriminal avtoritetin ölüm işinə görə pul alaraq dələduzluq edən məhkəmə işçisi həbs olundu?

 Kriminal avtoritetin ölüm işinə görə pul alaraq dələduzluq edən məhkəmə işçisi həbs olundu?

Ali Məhkəmədə Bakı Ağır Cinayətlər Məhkəməsində böyük mütəxəssis-operator vəzifəsində işləmiş İbrahim Xələfzadənin barəsindəki hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.

ABC.AZ xəbər verir ki, hakim Nazim Mövsümovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin növbəti iclası aprelin 26-na təyin edilib.

Xatırlatma: İbrahim Xələfzadə 2018-ci ilin oktyabrından 2021-ci ilin fevralın 3-dək olan müddətdə Bakı Ağır Cinayətlər Məhkəməsində böyük mütəxəssis- operator vəzifəsində işləyərkən həmin məhkəmənin hakimi Rahib Salmanovun icraatında Cinayət Məcəlləsinin 181.2.1, 181.2.4 və 181.2.5-ci (quldurluq)  maddələri ilə təqsirləndirilməsinə dair məhkəmə baxışında olan cinayət işi üzrə sonuncunun əməlinin Cinayət Məcəlləsinin daha yüngül maddəsinə tövsif edilərək Ceyhun Əliyevə həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cəzadan daha yüngül cəzanın təyin edilməsində köməklik göstərilməsi ilə bağlı sonuncunun əmisinə vəd verib.

İbrahim Xələfzadə Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasının çıxışında görüşləri zamanı etdiyi müraciətlə əlaqədar sonuncuya özünün məhkəmənin yüksək vəzifəli şəxsləri ilə yaxın əlaqələrinin olmasını, həmin əlaqələrindən istifadə edərək Ceyhun Əliyevə həmin köməkliyi göstərəcəyini yalandan bildirib, həmin məsələnin müsbət həlli üçün qeyd edilən vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar Ceyhun Əliyevin xeyrinə edəcəyi hərəkətə görə 10.000 manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını bildirib, həmin məbləğdə pulu alıb.

 

Bundan başqa, o, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakiminin icraatında Cinayət Məcəlləsinin 120.2.1, 120.2.2, 120.2.4-cü (qəsdən adam öldürmə), 221.3-cü (xuliqanlıq), 228.1, 228.4-cü (qanunsuz silah əldə etmə) maddələri ilə təqsirləndirilən Səxavət Hüseynova azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza, Vüsal Hüseynova isə sanksiyada nəzərdə tutulmuş cəzadan daha yüngül olmaqla 9 il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsində köməklik göstərilməsi ilə bağlı sonuncuların atası Orucun 2020-ci ilin mayında özünə istintaqa məlum olmayan ünvanda etdiyi müraciətlə əlaqədar məhkəmənin yüksək vəzifəli şəxsləri ilə əlaqələrinin olmasını sonuncuya yalandan bildirib. O, bu yalanla zərərçəkmişdən 80 min manat alıb.

Qeyd: Səxavət və Vüsal Hüseynov qardaşları kriminal avtoritet Mübariz Budaqlının qətlində təqsirli biliniblər. Məhkəmənin hökmü ilə Vüsal 17, Səxavət isə 18 il müddətinə azadlıqdan məhrum edilib.

İstintaq orqanı tərəfindən İbrahim Xələfzadənin barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) və 32.4, 312.2-ci (vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər etməyə görə ona rüşvət verməyə təhrik etmə) maddələri ilə ittiham elan edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İbrahim Xələfzadə 8 il müddətinə azadlıqdan məhrum edilib. Onun 2 il müddətinə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilib.

10:20 - 6 Aprel 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin