Hərbi Polis bölmələrinin Yevlax Qarnizonunun komandiri polkovnik-leytenant Ərəstun İsmayılov avtomobil qəzasına düşüb.
Hadisə Yevlax şəhərində, Cəfər Cabbarlı küçəsi ilə Abbasqulu bəy Şadlinski küçəsinin kəsişməsində baş verib.
Belə ki, Ə.İsmayılovun idarə etdiyi “Mercedes” markalı, 90-MH-240 dövlət qeydiyyat nişanlı avtomobillə, Yevlax rayon sakininin (ad, soyad dəqiqləşdirilir) idarə etdiyi “VAZ 21099” markalı, 66-BH-179 dövlət qeydiyyat nişanlı avtomobil toqquşub. Qəza nəticəsində "VAZ 21099" markalı avtomobil yolun kənarına aşıb. Hadisə nəticəsində xəsarət alan olmasa da, hər iki avtomobilə ciddi ziyan dəyib.
Hadisə yerinə DYP və Hərbi Polisin əməkdaşları cəlb olunub.
İlkin ehtimala görə, Ərəstun İsmayılov avtomobili yüksək sürətlə idarə edib və qarşısına çıxan digər avtomobili vurub.
Faktla bağlı araşdırma aparılır.