Cəlilabadda polis tərəfindən əməliyyat keçirilib.
Asayis.az DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupuna istinadən xəbər verir ki, saxlanılan şəxslərdən 12 kiloqramdan artıq narkotik vasitə və güclü təsiredən həblər aşkarlanıb.
Belə ki, Cəlilabad RPŞ-nin keçirdiyi tədbir zamanı Bakı şəhər sakinləri Oktay Quliyev və Marif Quliyev saxlanılıblar. Baxış zamanı O.Quliyevin əlindəki qara rəngli torbadan və M.Quliyevin üzərindən ümumilikdə 5 kiloqramdan artıq heroin, 4 kiloqram həşiş qətranı, 3 kiloqram marixuana və 250 ədəd metadon həbi aşkarlanaraq götürülüb.
Cəlilabad RPŞ-nin keçirdiyi digər əməliyyatla narkotik vasitə və psixptrop maddələrin satışını təşkil etməkdə şübhəli bilinən Şəhriyar Əliyev saxlanılıb. Keçirilən baxış zamanı onun yaşadığı evdən külli miqdarda müxtəlif növ güclü təsiredən xassəyə malik narkotik vasitələr, psixotrop maddə və həblər aşkarlanaraq götürülüb.
Hər üç şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Faktlarla bağlı Cəlilabad RPŞ-də araşdırma aparılır.