Naxçıvanda aşkarlanan faktların izi İraqa qədər gedib çıxır

 Naxçıvanda aşkarlanan faktların izi İraqa qədər gedib çıxır

Naxçıvan şəhəri ərazisində yerləşən Naxçıvantəpə yaşayış yerində aparılan arxeoloji qazıntılar vacib tarixi faktları üzə çıxarıb.

Belə ki, arxeoloji araşdırmalar zamanı aşkar olunan yeni tapıntılar Naxçıvan, Urmiya hövzəsi və İraqda yayılan Dalmatəpə mədəniyyətinin mənşəyi və yayılma arealı ilə bağlı problemləri həll etməyə, adı keçən mədəniyyətin tarixini və mənşəyini dəqiqləşdirməyə imkan verib.

Asayis.Az xəbər verir ki, bu barədə bizim.media-ya məlumat verən AMEA-nın müxbir üzvü, tarix elmləri doktoru Vəli Baxşəliyev bildirib ki, aparılan tədqiqatlar Dalmatəpə mədəniyyətinin yaradıcılarının e. ə. VI-V minilliklərdə Qarabağ, Naxçıvan və Urmiya hövzəsində yaşayan qədim Azərbaycan tayfaları olduğunu ortaya qoyub:

“Naxçıvanın Erkən Eneolit mədəniyyəti Dalmatəpə, Xalaf və Ubeyd ənənələrinin bu regiona daxil olması ilə xarakterizə edilsə də, Erkən Eneolit abidələrində Dalmatəpə tipli keramika üstünlük təşkil edir.

Urmiya gölünün cənub-qərbindəki Dalmatəpə yaşayış yeri ilə bağlı olan bu mədəniyyət Urmiya gölünün şimal, qərb və cənub bölgələrinə yayılmış və tədqiqatçılar tərəfindən Dalma fenomeni kimi dəyərləndirilib. Dalmatəpə mədəniyyətinin əsas xüsusiyyəti basmanaxışlı və boyalı keramikanın olmasıdır.

Dalmatəpə boyalılarının Xalaf və Ubeyd mədəniyyətlərinin təsiri ilə formalaşdığı söylənsə də, Şimali Mesopotamiya, Şimal-Qərbi İran və Şərqi Anadolu mədəniyyətlərindən fərqlənən basmanaxışlıların mənşəyi tamamilə aydınlaşdırılmayıb, xronologiyası və yayılması ilə bağlı müxtəlif fikirlər söylənilib”.

Qeyd edək ki, 2017-2022-ci illərdə Naxçıvantəpədə aparılan araşdırmalarda aşkar olunan keramika, xüsusilə Naxçıvantəpənin Son Neolit təbəqəsindən aşkar olunan basmanaxışlılar Dalmatəpə mədəniyyətinin mənşəyi ilə bağlı sübut ortaya qoyub.

Naxçıvan və Qarabağda eyni mədəniyyət…

Tədqiqatçı-alim vurğulayıb ki, Azərbaycanın Qarabağ bölgəsində də Son Neolit dövrünə aid arxeoloji abidələrdə basmanaxışlılar ortaya çıxıb.

Beləliklə məlum olub ki, o dövrdə bir tərəfdən Cənubi Qafqazın zəngin xammal yataqları, digər tərəfdən isə Qarabağ və Naxçıvanın bir-birinə yaxın coğrafiyada yerləşməsi Azərbaycanın cənub bölgələri ilə Urmiya hövzəsi arasında qarşılıqlı əlaqələrin yaranmasına imkan verib.

Nəticədə Azərbaycanda və Urmiya hövzəsində Eneolit mədəniyyətləri formalaşıb.

Qeyd edək ki, aparılan tədqiqatın nəticələri kitab şəklində nəşr olunub.

12:35 - 17 Mart 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin