Ötən gecə paytaxtda qalanan İlaxır çərşənbə tonqalları ağacların yanmasına səbəb olub.
Asayis.Az xəbər verir ki, hadisə Binəqədi rayonu, 2-ci mikrorayon, 20 Yanvar küçəsində baş verib.
Yanğınla bağlı Fövqəladə Hallar Nazirliyi ilə əlaqə saxladıq. Qurumun mətbuat xidmətindən BAKU.WS-in sorğusuna cavab olaraq bildirildi ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, 2-ci mikrorayon, 20 Yanvar küçəsində yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri yanğın baş verdiyi ünvana cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yaşayış binasının həyətində vətəndaşlar tərəfindən tonqal qalanması səbəbindən yanğının yaxınlıqdakı 2 şam ağacına keçdiyi müəyyən edilib.
Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində yanğının digər ağaclara və geniş əraziyə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülməsi təmin olunub.