Ələt-Astara-İran sərhədi magistral avtomobil yolunun Yenikənd-Biləsuvar (32-ci kilometrdən 103-cü kilometrə qədər) hissəsinin əsaslı şəkildə yenidən qurulmasına başlanılıb.
Bu barədə Asayis.Az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib.
2-ci texniki dərəcəyə uyğun olaraq təkmilləşdirilən yolun uzunluğu 71 km təşkil edir. Avtomobil yolu 2 hərəkət zolaqlıdır, ümumi eni 15 metrə qədər genişləndirilir, bura 7.5 metr hərəkət hissə daxildir.
Yenidənqurma zamanı marşrut üzrə bütün süni qurğular, suötürücü borular və 7 ədəd körpü yenidən inşa olunacaq.
Layihə çərçivəsində hazırda torpaq işləri icra olunur. Avtomobil yolunda yol yatağının yararsız qruntu qazılaraq çıxarılıb, kipləşdirmə işləri görülür. Bununla yanaşı atmosfer sularının ötürülməsini təmin etmək məqsədilə müxtəlif diametlərə malik suötürücü borular üzrə əks dolğu və inşa işləri aparılır. Artıq 15 suötürücü borunun tikintisi yerinə yetirilib.
Layihə üzrə 4 körpünün inşası davam edir.