Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva fevralın 13-də Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Ağcabədi rayonunda yeni inşa olunan hərbi şəhərciyinin açılışında iştirak ediblər.
Prezident, Ali Baş Komandan İlham Əliyev Daxili Qoşunların xüsusi təyinatlıları üçün nəzərdə tutulan silah-sursata və hərbi texnikaya baxış keçirib.
Nümayiş etdirilən silah və texnikalar arasında “Palladium Defence and Security Solutions” şirkətinin istehsalı 5.56 mm çaplı “Grey Wolf”(Boz Qurd) markalı avtomatları və yeni nəsil dəbilqələr diqqət çəkib. Onlar Daxili Qoşunların xüsusi təyinatlılarının arsenalına daxil edilib.
Daxili Qoşunların arsenalına verilən AR-15 dizaynına əsaslanan "Grey Wolf" ("Boz Qurd") avtomatı Amerikanın məhşur "Vortex" şirkətinin istehsalı olan optik nişangahla təhciz olunub. Uzunluğu tənzimlənən qundağa malik avtomatın lülə qutusunun üzərində dörd istiqamətdə "Pikattini" lövhəsi mövcuddur ki, bu da silaha müxtəlif aksesuarları inteqrasiya etməyə imkan verir.
Silahın çapı 5.56x45 mm, çəkisi 2,980 kq, nişangah məsafəsi 500 metr təşkil edir. Rahat erqonomikası ilə fərqlənən avtomatın eyni zamanda 7.62 çapında olan versiyası da mövcuddur.
Adı çəkilməyən yeni nəsil dəbilqələr isə rahatlığı, dözümlülüyü və rayları vasitəsilə fənər, gecəgörmə kimi aksesuarların istifadəsinə imkan yaradır.