Prezidentə məruzə olunub, həbslər davam edəcək... - Polkovnik

 Prezidentə məruzə olunub, həbslər davam edəcək... - Polkovnik

"“Tərtər işi” ilə bağlı istintaq qrupuna edilmiş çoxsaylı müraciətlər, yığılmış faktlar, məlumatlar əsasında 4 nəfər həbs olunub. Düşünürəm ki, bu sadəcə bir müddətin hesabatıdır. İstintaq qrupunun işi hələ davam edir. Əgər 4 nəfərin həbs olunması haqqında qərar qəbul olunubsa, mənə elə gəlir ki, bunun davamı olacaq".

Bu sözləri polkovnik, hərbi-ekspert Şair Ramaldanov "Tərtər işi" ilə bağlı hərbi qulluqçulara işgəncə verən şəxslərin həbs olunmasından danışarkən deyib. Onun fikrincə, zərərçəkənlər müraciət etdikcə istintaq prosesləri ona uyğun artacaq:

“Bildiyimə görə bir neçə nəfər istintaqa dəvət olunub və müəyyən ifadələr götürülüb. Bunların hamısı edilən müraciətlərdən irəli gəlir. Əgər zərərçəkənlərin istintaqa müraciətləri olmasa, ortaya heç nə çıxmaz. Amma görürük ki, dövlət tərəfindən bu mütəmadi olaraq diqqətdə saxlanılır. Bu həbslər, bu müddətdə ərzində istintaqın işinin nəticəsi kimi elan olunub. Hər şey orada olan məlumat bazasından, zərərçəkənlərin müraciətindən, qanun pozuntusunun ağırlığından asılıdır”.

Hərbi ekspert vurğulayıb ki, hazırda “Tərtər işi” ilə bağlı 4 nəfər saxlanılıb, amma başqa həbslər də olacaq:

“Əlbəttə ki, istintaq davam edir. Prokurorluğun müraciəti də, hesabatı da onunla bağlıdır ki, zərərçəkənlər müraciət etsinlər. Bildiyimə görə yalnız Respublika daxilində yox, hətta Respublika xaricində də bu məsələ ilə bağlı materiallar varsa, istintaq qrupu həmin materialları da qəbul edir. Əlbəttə ki, məsələ hələ bağlanmayıb. Bundan sonra da istintaq qrupuna məlumatlar daxil olduqca, biz yeni məlumatlar alacağıq. Hazırda 200 nəfər zərərçəkmiş kimi qəbul olunub. Bu haqda dövlət başçısına da məruzə olunub. Onu da qeyd edim ki, istintaq qrupunun marağı ondan ibarətdir ki, “Tərtər işi” ilə bağlı haqq-ədalət öz yerini tapsın və məsələ hüquq qanunları çərçivəsində həll olunsun”.

16:45 - 14 Fevral 2022

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin