Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında Balaxanı qəsəbəsində həyata keçirdikləri tədbir nəticəsində üzərində və yaşadığı evdə qanunsuz olaraq odlu silah-sursat və külli miqdarda narkotik maddə saxlayan şəxs tutulub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, şöbəyə əvvəllər məhkum olunmuş Zaur Əfəndiyevdə odlu silah olması barədə əməliyyat məlumatı daxil olub. Həmin şəxs saxlanılıb və onun üzərinə baxış zamanı ümumilikdə 28 qram tiryək və heroin aşkar edilib. Zaur Əfəndiyev ifadəsində yaşadığı evin həyətindəki yardımçı tikilidə əlavə narkotik vasitələr və odlu silah gizlətdiyini etiraf edilb. Polislər həmin yerə baxış keçirən zamanı oradan 1 kiloqram 77 qram heroin, 142 qram tiryək, 1 ədəd “TT” maraklı tapança, 5 ədəd patron və 1 ədəd patron darağı aşkar edərək götürüblər.
Araşdırma nəticəsində müəyyən edilib ki, saxlanılan şəxs Balaxanı qəsəbəsində narkotik vasitələrin satışı ilə məşğul olub. O, xaricdə yaşayan narkotacirlərlə sosial şəbəkələr vasitəsi ilə əlaqə yaradaraq həmin şəxslərin ölkə ərazisinə müxtəlif qanunsuz yollarla göndərdikləri narkotikləri və odlu silahı qəbul edib. Faktla bağlı 12-ci Polis Şöbəsində toplanan materiallar Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Zaur Əfəndiyev barəsində məhkəmələrin qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Saxlanılan şəxsin ətrafında əməliyyat-istintaq tədbirləri davam etdirilir.