2020-ci ilin noyabr ayının 14-də Füzuli rayonunun işğaldan azad olunmuş Alxanlı kəndində mülki əhalinin girişi qadağan olunan təhlükəli ərazidə 1984-cü il təvəllüdlü Əhmədov Yasin Ələsgər oğlu və onun qardaşı 1989-cu il təvəllüdlü Əhmədov Asif Ələsgər oğlu mal-qara otararkən piyada əleyhinə minaya düşüblər.
Partlayış nəticəsində Əhmədov Yasin Ələsgər oğlu həlak olub, Əhmədov Asif Ələsgər oğlu isə ağır dərəcəli bədən xəsarəti alıb.
Hadisə barərə Xudiyev Asəf Mürsəl oğlu Avropa.info-ya danışıb.
"Biz də ANAMA olaraq Daxili İşlər Nazirliyinin "Qaynar xətt"indən gələn zəngin əsasında hadisə yerinə cəlb olunduq. Yaralı təxliyə olunmuşdu, meyit yaralıdan aralı olduğundan, həm də hava qaraldıgından əməliyyat ağır şəraitdə keçirdi. Meyitin yaxınlığında düşmənin basdırdığı minanın partlaması nəticəsində mən də sol ayağımı itirmişəm", - deyə bildirib.
Qeyd edib ki, hadisə nəticəsində yaralandığı üçün ona 3-cü dərəcəli əlillik dərəcəsi təyin edilib və təqaüd 110 manat təşkil edir. Eyni zamanda, ANAMA onu 400 manatlıq əməkhaqqı ilə işlə təmin edib:
"Prezidentimizin təyin etdiyi prezident təqaüdü mənə şamil edilmir. Hara getmişəm mənə deyirlər ki sizin işiniz hərbiləşdirilməyib. Bununıa bağlı Əmək və Sosial Müdafiə və Müdafiə nazirliklərinə məktubla müraciət etmişəm. Bu iki nazirliyin heç biri qaneedici cavab verməyib. Cavab məktbularında məsələni bizim idarənin həll etməli olduğunu deyirlər".
Asəf Xudiyev bildirib ki, yeddi nəfərdən ibarət ailəsi var: "Ailəliyəm, dörd övladım var, 80 yaşlı anam mənimlə birgə yaşayır. Böyük qızım ali məktəbə daxil olub, üç övladım isə orta məktəbdə oxuyurlar. Bu maaşla övladlarımın və ailəmin qayğısına qalmaq mümkün deyil. Başqa heç bir yerdən əlavə gəlirim yoxdur. Yerli icra hakimiyyətinin qəbuluna üç dəfə getmişəm ki, mənim yoldaşıma ya məktəbdə ya da uşaq baxçasında iş versin, hər dəfə müxtəlif bəhanələrlə məni aldadıblar. Bir də deyirlər ki, gərək qazilik sənədin ola, mənim də qazilik sənədim yoxdur. Halbuki mən də bu Vətənin, millətin yolunda bir ayağımdan olmuşam.
Yenə də sağ olsun Türkiyədən olan qardaşlarımız... İHH bizi müalicə üçün Türkiyəyə apardı və yeni protezlə təmin etdil. Hələ yerli icra orqanları indiyə kimi biri mənim qapımı döyüb, bizimlə maraqlanmayıb.
Düşmən məhv olub, amma bu mənfur düşmənlərin basdırdığı minaların təhlükəsi mənim və yoldaşlarımın üzərindədir. Xahiş edirəm, dövlətimiz bu məsələdə bizə kömək etsin. Bizə də qazi, şəhid adı verilsin".//Avropa.info