Türkiyədəki dəhşətli zəlzələ Azərbaycana necə təsir edəcək? - AÇIQLAMA

 Türkiyədəki dəhşətli zəlzələ Azərbaycana necə təsir edəcək? - AÇIQLAMA

"Azərbaycan və Türkiyə arasında ticarət münasibətləri, o cümlədən iqtisadi əlaqələr son illər genişlənib. Türkiyə Azərbaycanın ticarət dövriyyəsinin həcminə görə ikinci ən böyük tərəfdaşıdır. 2022-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi 6 milyard dollara yaxınlaşıb".

Asayis.Az xəbər verir ki, bu sözləri BAKU.WS-ə açıqlamasında iqtisadçı ekspert, millət vəkili Vüqar Bayramov bildirib.

Deputat əlavə edib ki, Türkiyə Azərbaycanın qeyri-neft sektorunda əsas tərəfdaşıdır: "Bütövlükdə Azərbaycanın 3 milyard dollarlıq qeyri-neft ixracaatının təxminən 30 faizi Türkiyənin payına düşür. Nəzərə almaq lazımdır ki, Azərbaycan ixracaatının əhəmiyyətli hissəsini enerji məhsulları, xüsusən də mavi qaz təşkil edir. Mavi qazın qiyməti isə strateji məhsul olduğundan birjalarda müəyyənləşir. Mavi qaza Türkiyədə tələb azalmadığı üçün iki ölkə arasında ixracaata zəlzələ səbəbindən xüsusi təsir edəcəyi gözlənilmir. Eyni zamanda idxala da təsirlər az olacaq.

Digər tərəfdən Azərbaycan Türkiyənin zəlzələ baş verdiyi regionlarından deyil, ölkənin digər ərazilərdindən daha çox idxal edir. Buna görə, Azərbaycan və Türkiyə arasındakı ticarət dövriyyəsində hər hansı ciddi dəyişiklik gözlənilmir. Təbii ki, bu həm də enerji məhsullarının bazardakı qiymətindən asılı olacaq.

Sözsüz ki, Türkiyə iqtisadiyyatı Azərbaycan üçün vacibdir. Ölkəmiz üçün qardaş ölkənin iqtisadiyyatının güclü qalması olduqca vacibdir. Bizim gözləntilər bundan ibarətdir ki, Türkiyə bu çətinliyin öhdəsindən gələcək. Baxmayaraq ki, zəlzələ Türkiyə iqtisadiyyatı üçün ciddi ziyanla müşahidə olunur. Bloomberg-in hesablamalarına görə, söhbət təxminən 80 milyard dollara yaxn ziyandan gedir. Buna baxmayaraq, Türkiyə iqtisadiyyatı güclüdür və ölkə potensialı və gücü ilə bunun öhdəsindən gələcək".

15:41 - 16 Fevral 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin