Bakı Ağır Cinayətlər Məhkəməsində paytaxtda həyat yoldaşını qətlə yetirməkdə təqsirləndirilən Vüsal Bayramovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Asayis.Az-ın “Trend”ə istinadən məlumatına görə, hakim Məhəmməd Əkbərovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Məhkəmənin hökmü ilə V.Bayramov 9 il 2 ay müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, ötən il sentyabrın 2-si saat 23 radələrində paytaxtın Nizami rayonu, M.Şərifli küçəsində 1995-ci il təvəllüdlü Ayşə Bayramovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Aparılmış araşdırmalarla zərərçəkmişin əri, 1989-cu il təvəllüdlü Vüsal Bayramovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı bıçaqla xəsarətlər yetirərək Ayşə Bayramovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Nizami Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə) maddəsi ilə cinayət işi başlanıb. Vüsal Bayramov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.