Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz olaraq satış məqsədi ilə narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən rayon sakini Valeh Zamanov saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, onun üzərinə baxış keçirilən zaman narkotik maddə olan heroin aşkar edilərək götürülüb.
Davam etdirilən istintaq-əməliyyat tədbirləri nəticəsində V.Zamanovun rayon ərazisində gizlətdiyi, bir ədəd istifadəyə yararlı “Kalaşnikov” markalı avtomat, bir ədəd həmin avtomata məxsus daraq və 59 ədəd 5,45 millimetrlik avtomat patronu aşkar edilərək götürülüb.
Götürülən maddi sübutlar müvafiq ekspertizaya təqdim edilib, faktla bağlı araşdırmalar davam etdirilir.