Bu gün Milli Qəhrəman Mübariz İbrahimovun doğum günüdür

 Bu gün Milli Qəhrəman Mübariz İbrahimovun doğum günüdür

Bu gün Milli Qəhrəman İbrahimov Mübariz Ağakərim oğlunun doğum günüdür.

Mübariz İbrahimov 1988-ci il fevralın 7-si Biləsuvarın Əliabad kəndində anadan olub.1994-cü il şəhid M.Piriyev adına Əliabad kənd orta məktəbinin 1-ci sinfinə daxil olaraq 2005-ci ildə orada orta təhsilini başa vurub.

Həmin il həqiqi hərbi xidmətə çağırılıb. Əsgəri xidmətini Daxili Qoşunların "N” saylı hərbi hissəsinin Xüsusi Təyinatlı Bölüyündə keçib. Həqiqi hərbi xidmətini 2007-ci ildə çavuş rütbəsi ilə başa vurub.

2009-cu ilin avqust ayında yenidən gizir rütbəsində hərbi xidmətdə çalışmağa başlayıb. Bir müddət sonra öz arzusu ilə təyinatı cəbhə bölgəsindəki hərbi hissələrdən birinə edilib.

19 iyun 2010-cu il tarixində gecə saat 23:30 radələrində gizir Mübariz İbrahimov təkbaşına Ermənistan silahlı qüvvələrinin çox sayda əsgər və zabitini gözlənilməz həmlə ilə məhv edir. Sonra isə düşmənin öz silahlarını özünə qarşı istifadə edərək beş saat onlarla təkbətək döyüşür, düşməni ağır itkilərə məruz qoyur. O, səhər saatlarında döyüşdə qəhrəmancasına şəhid olur.

 

Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Milli Ordusunun giziri Mübariz Ağakərim oğlu İbrahimova "Azərbaycanın Milli Qəhrəmanı” adının (ölümündən sonra) verilməsi barədə sərəncam imzalayıb. Şəhid gizirə bu ad Azərbaycan Respublikasının müstəqilliyinin və ərazi bütövlüyünün qorunub saxlanılmasında müstəsna xidmətinə və göstərdiyi rəşadətə görə verilib. Biləsuvar şəhərində lisey-məktəb kompleksi və küçə onun adını daşıyır. 2008-ci ildə Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin istehsal etdiyi "İstiqlal” snayper tüfəngləri ailəsindən olan 12.7 mm çaplı ikinci tüfəng onun şərəfinə "Mübariz” adlandırılıb.

2014-cü ildə Kanadanın Ottava şəhərində yerləşən Minto Parkında Mübariz İbrahimov adına xatirə lövhəsi vurulub. 2016-cı ildə Sumqayıtda küçələrdən birinə Milli Qəhrəman Mübariz İbrahimovun adı verilib.

2016-cı ildə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində heykəli ucaldılıb.

Şəhid Mübariz İbrahimov ailəsinə göndərdiyi son məktubunda yazırdı: "Canım atam və anam. Məndən sarı darıxmayın. İnşallah, cənnətdə görüşəcəyik. Mənim üçün bol-bol dua edin. Vətənin dar günündə artıq ürəyim dözmür. Allaha xatir bunu etməliyəm. Ən azından ürəyim sərinlik tapar. Şəhid olanadək bu şərəfsizlərin üzərinə gedəcəyəm. Şəhid olsam – ağlamayın. Əksinə, sevinin ki, o mərtəbəyə yüksəldim. Allaha ibadətlərinizi dəqiq yerinə yetirin. Çoxlu sədəqə verin. Seyid nəvəsi olaraq bunu etməliyəm. Allah böyükdür. Vətən sağ olsun. Oğlunuz Mübariz. Haqqınızı halal edin".

11:24 - 7 Fevral 2022

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin