Masallıda itkin düşən şəxsin qətlə yetirildiyi məlum olub, qardaşı tutulub.
Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, yanvarın 5-də Masallı rayon Ərkivan qəsəbə kənd sakini, 1978-ci il təvəllüdlü Qalib Cəbiyevin 2 gün əvvəl itkin düşməsi barədə qardaşı İlqar Cəbiyevin müraciəti əsasında aparılan araşdırma zamanı prokurorluq və polis əməkdaşlarının yüksək peşəkarlıqla həyata keçirdikləri istintaq-əməliyyat tədbirləri nəticəsində törədilən gizli cinayətin “isti izlər”lə açılması təmin edilərək itkin düşmüş Qalib Cəbiyevin rayon ərazisində qəsdən öldürülməsi müəyyən edilib.
Araşdırmalarla Qalib Cəbiyevin yanvarın 3-də, gecə saatlarında aralarında yaranan mübahisə zamanı qardaşı, 1983-cü il təvəllüdlü Seyfulla Cəbiyev tərəfindən qəsdən öldürməsinə, törətdiyi cinayətin izlərini itirmək məqsədi ilə meyiti birgə yaşadıqları evin həyətyanı sahəsində basdırmasına əsaslı şübhələr müəyyən edilib.
Prokurorluq və polis əməkdaşları tərəfindən Seyfulla Cəbiyevin iştirakı ilə hadisə yerinə baxış keçirilən, meyit gizlədilmək məqsədi ilə basdırılmış yerdə aşkar edilərək məhkəmə-tibb ekspertizasının keçirilməsindən ötrü aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı Masallı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.
Seyfulla Cəbiyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. Hazırda iş üzrə zəruri və intensiv istintaq tədbirləri davam etdirilir.