2021-ci ildə Azərbaycana 935,2 milyon ABŞ dolları dəyərində 91 194 ədəd müxtəlif təyinatlı avtomobil idxal olunub.
Dövlət Gömrük Komitəsindən (DGK) verilən məlumata görə, bu, 2020-ci illə müqayisədə müvafiq olaraq 44,4 % və 69,7 % çoxdur.
Ötən il sürücü daxil olmaqla 10 nəfər və yaxud daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələrinin idxalı 2,7 % artaraq 266 ədəd (41,2 milyon ABŞ dolları dəyərində), əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələrinin idxalı isə 71,4 % artaraq 85 191 ədəd (780,5 milyon ABŞ dolları dəyərində) təşkil edib.
Bu avtomobillərin 12 936-ü (76,6 milyon ABŞ dolları dəyərində) daxili yanma mühərriklə yanaşı, elektrik mühərriklə də hərəkətə gətirilən nəqliyyat vasitələri, 160-ı (3,5 milyon ABŞ dolları dəyərində) isə yalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələridir.
Bu isə birincinin 2,5 dəfə artması, ikincinin isə 4,2 % azalması deməkdir.
Bundan əlavə, yük daşımaq üçün mühərrikli nəqliyyat vasitələrinin idxalı 53,1 % artaraq 5 552 ədəd (90,5 milyon ABŞ dolları dəyərində), xüsusi təyinatlı motorlu nəqliyyat vasitələrinin idxalı isə 21,7 % artaraq 185 ədəd (23 milyon ABŞ dolları dəyərində) olub.