Bakıda evdən meyit tapılan şəxsin öldürüldüyü üzə çıxdı

 Bakıda evdən meyit tapılan şəxsin öldürüldüyü üzə çıxdı

Bakıda evdən kişi meyiti tapılıb.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Suraxanı rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1972-ci il təvəllüdlü Həsənov İlham Lətif oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.

Bildirilib ki, yanvarın 29-u saat 01 radələrində Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi “V” yaşayış sahəsi bina 012E, mənzil 98 ünvanında 1972-ci il təvəllüdlü İlham Hüseynovun meyitinin aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bundan başqa, həmin binanın qarşısındakı asfalt örtük üzərində 1997-ci il təvəllüdlü Fuad Mayılovun meyiti aşkar edilib.

Dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitlərə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

İlham Həsənovun meyitinin müayinəsi zamanı onun üzərində deşici-kəsici alətlə törədilməyə xarakterik çoxsaylı xəsarətlər, Fuad Mayılovun meyitinin üzərində isə hündürlükdən yıxılmaya xarakterik çoxsaylı sınıq xəsarətlərinin olması müəyyən edilib.

Faktla bağlı Suraxanı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Hazırda hadisənin təfərrüatlarının tam, hərtərəfli və obyektiv araşdırılması istiqamətində zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

11:41 - 29 Yanvar 2022

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin