Paşinyan dolayısıyla "Qarabağ Azərbaycandır" dedi: Erməni toplumu ilk dəfə amansız reallıqla üzləşdi

 Paşinyan dolayısıyla

Erməni baş nazir Ermənistan cəmiyyətinə bütün reallıqları bacardığı qədər açıq şəkildə anlatmağa çalışsa da, onun dedikləri erməni toplumunda şok effekti yaratdı; Ancaq Ermənistan cəmiyyətində baş nazir Nikol Paşinyanın dediklərini və beynəlxalq hüquq normalarına dayanan reallıqları anlamaqda hələlik çətinlik çəkənləri başa salmaq üçün Azərbaycanın komando briqadaları da hazır vəziyyətdə əmr gözləyirlər...

Azərbaycan dövləti öz hərbi qüdrətini daha da artırır. Azərbaycan ordusu yeni yaradılan hərbi hissələr ilə gücləndirilir. Və həmin yeni hərbi hissələr ilk növbədə işğaldan azad olunmuş ərazilərdə yerləşdirilir.

Təbii ki, bu, olduqca önəmli addımlardır. Çünki, rəsmi Bakı 44 günlük savaşda qazanılmış tarixi zəfər ilə qətiyyən kifayətlənib, arxayınlaşmadığını açıq-aşkar biruzə verir. Azərbaycanın milli təhlükəsizlik maraqlarını ön planda tutduğunu gizlətmir.

Ən önəmli məqamlardan biri də odur ki, yeni yaradılan hərbi hissələr komando briqadalarldır. Yüksək döyüş qabiliyyətinə malik olan bu komando briqadaları Azərbaycan ordusunun NATO ölkəsi olan Türkiyənin hərbi modelinə keçmə prosesində olduğunu da təsdiqləyir. Və Azərbaycanın belə komando birlikləri ilə Ermənistanın darmadağın edilmiş ordusunun qalıqları hərbi rəqabət imkanlarından uzaqdır.

photo_4947477.jpg (46 KB)

Azərbaycan Prezidenti İlham Əliyev də Hadrutda dislokasiya edilmiş yeni komando briqadasının açılışında Ermənistana xəbərdarlıq xarakteri daşıyan önəmli mesajlar verdi. Azərbaycan lideri Ermənistanın ordusunun olmadığını vurğulamaqla yanaşı, ölkəmizə yönəlik hər hansı hərbi təhlükənin yarandığı müşahidə ediləcəyi təqdirdə, buna dərhal və ən sərt şəkildə reaksiya veriləcəyini bildirdi. Və bu, həm rəsmi İrəvan, həm də Ermənistanın hələ də yeni geopolitik situasiya ilə barışmaq istəməyən radikal revanşist siyasi qüvvələrinə açıq xəbərdarlıq xarakteri daşıyır.

Digər tərəfdən, Azərbaycan Prezidentinin son xəbərdarlığından Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti dislokasiya olunduğu Xankəndi və ətraf bölgədə olan erməni separatçıları da vaxtda nəticə çıxartmalıdırlar. Çünki, Azərbaycan ordusunun yeni komando briqadalarından birinin məhz Hadrutda yerləşdirilməsi Xankəndi və ətraf bölgədəki silahlı erməni terror dəstələrinə açıq mesajdır. Rəsmi Bakı bununla silahlı erməni terrorçulara qazdıqları yeni səngərlərinin onları Azərbaycan ordusunun antiterror əməliyyatından qoruya bilməyəcəyi barədə xəbərdarlıq etmiş olur.

Bu isə o deməkdir ki, Xankəndi və ətraf bölgədə rus sülhməramlı qüvvələrinin arxasında gizlənməyə çalışan erməni separatçılar artıq prinsipial seçim etmək məcburiyyətindədirlər. İndi onlar ya tərksilah olunmaq tələblərini yerinə yetirib, təslim olmalıdırlar və bölgənin Azərbaycanla qaçılmaz inteqrasiya prosesi qarşısından dərhal çəkilməlidirlər. Ya da Azərbaycan ordusunun komando briqadaları antiterror əməliyyatlarına başlayaraq, bütün erməni terrorçuları bölgədən təmizləyəcək. Yəni, "artsax" yoxdur, Xankəndi və ətraf bölgənin gələcək taleyi isə məhz rəsmi Bakının hərbi-siyasi iradəsi ilə artıq müəyyən edilib.

Maraqlıdır ki, erməni toplumunda bu reallığı artıq anlayıb, qəbul edənlər də var. Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyan "Dağlıq Qarabağ"ın ermənilər üçün artıq itirildiyini açıq şəkildə etiraf edir. O, bəyan edib ki, beynəlxalq hüquq normaları da Dağlıq Qarabağı Azərbaycanın ərazisi kimi tanıyır. Eyni zamanda L.Ter-Petrosyanın keçmiş müşaviri Jirayir Libaridyan da Dağlıq Qarabağda yaşayan ermənilər üçün hər hansı status almaq şansları qalmadığını vurğulayıb.

ilham_aliyev_150120_4.jpg (68 KB)

Nəhayət, Ermənistan baş naziri Nikol Paşinyan da reallığı anlayıb, onu qəbul etmək məcburiyyətində qalanlar arasında yer alır. Vaxtilə erməni baş nazir "Qarabağ Ermənistandır, nöqtə" deyərək, sülh danışıqlarını pozmuşdu. İndisə Ermənistan baş naziri yəqin ki, həmin davranışından peşman olub. Çünki, həmin cümləni daha təkrarlaya bilmir. Üstəlik, vaxtilə pozduğu sülh danışıqlarına indi özü can atmaq məcburiyyətində qalıb. Yəni, Azərbaycan ordusu keçmişi pozub, tarixi yenidən yazıb və bu reallıq ilə hesablaşmaq məcburiyyətində qalan erməni siyasətçilərinin arasında Ermənistan baş naziri Nikol Paşinyan ilk sırada yer alır.

Ermənistan baş naziri Nikol Paşinyan proqmatik siyasətçidir. Reallıqları görür, buna uyğun davranmaq üçün müxtəlif manevrlər etməyə çalışır. Erməni baş nazir Cənubi Qafqazda yaranmış yeni geopolitik şərtlərin Ermənistanı fəlakətə sürüklədiyini anlayır. Böyük ehtimalla Azərbaycan Prezidenti İlham Əliyev ilə Brüsseldə təkbətək görüşdən sonra erməni baş nazir Ermənistanı necə bir böyük təhlükənin gözlədiyinə tam əmin olub.

Ona görə də, indi erməni baş nazir Ermənistanı xilas etməyin hayındadır. İndi o, hamıdan yaxşı bilir ki, Ermənistan iqtisadiyyatına inkişaf perspektivləri açıb, dövlətçiliyi qorumaq üçün ilk növbədə ölkəsinin bundan sonra daşıya bilməyəcəyi yükdən - uydurma "artsax" iddialarından xilas olmalıdır. Onun siyasi karyerasına böyük risk təşkil etsə də, buna məcburdur. Çünki əks halda, həm siyasi karyerası, həm də erməni dövlətçiliyi məhv ola bilər.

_101130992_49b8a05b-8456-4541-a391-fa2261d59b04.jpg (29 KB)

Maraqlıdır ki, cəmisi bir neçə ay əvvələ qədər "Dağlıq Qarabağ münaqişəsi həll edilməyib" tezisindən möhkəm yapışan erməni baş nazir indi tamamilə fərqli mövqedən çıxış edir. Uydurma "artsax" iddiaları ilə bağlı reallıqları Ermənistan cəmiyyətinə anlatmağa çalışır. Bir müddət öncə qapalı toplantıda "Bizdən öncə hakimiyyətdə olanlar sülh danışıqlarında elə şərtlər ilə razılaşıblar ki, Dağlıq Qarabağın artıq Azərbaycanın tərkibindən kənarda mövcud olma şansı qalmayıb" deyən erməni baş nazir bu dəfə açıq mətnlə danışıb. Üstəlik, qapalı toplantıda dediklərini bu dəfə birbaşa Ermənistan cəmiyyəti qarşısında daha konkret arqumentlər ilə təkrarlayıb.

Ermənistan cəmiyyətində erməni baş nazirin dedikləri rəsmi İrəvanın Qarabağın Azərbaycan ərazisi olduğunu bəyanlaması kimi qəbul edilib. Onun açıqlamaları bir çox Ermənistan mətbuat orqanlarında ciddi senzuraya məruz qalıb. Ümumiyyətlə, erməni baş nazirin Dağlıq Qarabağ ilə bağlı açıqlamaları "armenpress" və "armeniatoday" nəşrlərindən başqa digər heç bir mətbuat orqanı tərəfindən tərcümə edilməyib və yayılmayıb. Və erməni baş nazirin son açıqlamalarının məzmununa diqqət etdikdə bunun səbəbləri anlaşılır.

Məsələ ondadır ki, N.Paşinyan onlayn mətbuat konfransında rəqiblərinin ona qarşı irəli sürdüyü ittihamlarla bağlı bir sıra mətləblərə aydınlıq gətirib. N.Paşinyan xüsusilə 2016-cı ildə ATƏT-in Minsk Qrupu həmsədrlərinin Qarabağa aralıq statusu verilməsi təklifinə aydınlıq gətirərək, deyib ki, erməni tərəfi bunu fəal şəkildə təbliğ və reklam edirdi: “Lakin nədənsə, heç kim demir ki, orada da qeyd olunub ki, aralıq statusun dəqiqləşdirilməsi məsələsi BMT Təhlükəsizlik Şurasına verilib. Əgər, orada qəbul edilmiş qətnamələri nəzərə alsaq, o zaman  Dağlıq Qarabağın hansı dövlətin tərkibində qalacağı bəlli olacaq”.

4d917b4e5149c46ffac7960aa640404e.jpeg (106 KB)

Maraqlıdır ki, erməni baş nazir Ermənistan cəmiyyətinə uydurma "artsax" iddialarının gələcək taleyini hər kəsin anlaya biləcəyi dildə izah edib: “BMT Dağlıq Qarabağı ermənilərin və azərbaycanlıların yaşadlğı Azərbaycan ərazisi kimi tanıyır. Bu, vacib məqamdır. Əgər, Dağlıq Qarabağın statusu ilə bağlı hər hansı qərar verilərsə, o zaman yekun status Azərbaycanın Konstitusiyasına uyğun dəqiqləşdirilməlidir.”

Erməni baş nazir onu da vurğulayıb ki, belə bir situasiyanın yaranmasına görə 2016-ci ildə sülh danışıqları prosesində qəbul edilmiş qərarları Ermənistan üçün qələbə deyil, məhz böyük fəlakət olaraq, dəyərləndirmək daha doğrudur. Çünki məsələ BMT Təhlükəsizlik Şurasına çıxarılacağı təqdirdə, qəbul olunacaq qərarı proqnozlaşdırmaq o qədər də çətin deyil: "1993-cü ildə BMT Təhlükəsizlik Şurası Azərbaycanın ərazi bütövlüyünün tanınması və sərhədlərinin toxunulmazlığı barədə bəyannamə qəbul edilib. Həmin sənəddə "Azərbaycanın Dağlıq Qarabağ regionu" ifadəsi yer alır. Buradan da BMT TŞ-nın Dağlıq Qarabağın hansı dövlətin tərkibində qalamasına qərar verəcəyini anlamaq mümkündür".

Göründüyü kimi, erməni baş nazir Ermənistan cəmiyyətinə bütün reallıqları bacardığı kimi anlatmağa çalışıb. Müşahidələr göstərir ki, bu reallıqlar erməni toplumunda şok effekti yaradıb. İndi erməni baş naziri yenə də xəyanətdə və "artsax"dan imtina etməkdə suçlayırlar. Yəni, Ermənistan cəmiyyəti hələlik baş nazir Nikol Paşinyanı və beynəlxalq hüquq normalarına dayanan reallıqları anlamaqda çətinlik çəkir. Ancaq anlamayanları başa salmaq üçün Azərbaycanın komando briqadaları da hazır vəziyyətdə əmr gözləyir.

12:23 - 26 Dekabr 2021

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin