Azərbaycan Milli Elmlər Akademiyasının işlər idarəsinin sabiq müdiri, keçmiş deputat Elton Məmmədov barəsində cinayət işinin başlanılması üçün məhkəməyə müraciət edilib.
Məlumata görə, onun barəsində xüsusi ittiham qaydasında şikayət verilib.
Ziya Məmmədovun qardaşı haqda Cinayət Məcəlləsinin 147.2 (Ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) və 148-ci (Təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma) maddələri ilə cinayət işinin başlanılması istənilir.
Səbail Rayon Məhkəməsində keçiriləcək prosesə hakim Günel Səmədova sədrlik edəcək. Məhkəmənin hazırlıq iclası fevralın 2-nə təyin olunub.
Şikayət edən şəxsin adı açıqlanmasa da, bunun AMEA-nın prezidenti Ramiz Mehdiyevin olduğu ehtimal olunur.
Məsələ burasındadır ki, Elton Məmmədov bir neçə gün öncə mətbuatda açıqlamasında AMEA-da baş verən son hadisələrə münasibət bildirib. O, açıqlamasında qurumun rəhbəri Ramiz Mehdiyevi sərt şəkildə tənqid edib. Elton Məmmədov qeyd edib ki, Ramiz Mehdiyev Prezidentin siyasətinə zidd addımlar atır:
“AMEA-nın akademikləri ümumi yığıncaqda Ramiz Mehdiyevə etimadsızlıq göstərməlidirlər və bununla bağlı dövlət başçısına müraciət etməlidirlər. Ramiz Mehdiyevin elm-idarəetmə sistemindən xəbəri yoxdur. Mən bunu demişəm və bu gün də həmin sözümün üzərindəyəm. Çox təəssüf edirəm ki, Azərbaycan elminə səriştəsiz, dövlətinin inkişafını istəməyən bir insan rəhbərlik edir”.
Qeyd edək ki, sabiq deputat Ramiz Mehdiyevin AMEA-da həyata keçirdiyi ilk təyinatlardan olub. Belə ki, R. Mehdiyev 2019-cu ilin oktyabrın 23-də AMEA prezidenti seçilib. Həmin ilin noyabrında isə Ziya Məmmədovun qardaşı Elton Məmmədova yüksək vəzifə verərək onu AMEA-nın “Yüksək Texnologiyalar Parkı” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru təyin edib. Təyinatından 4 ay sonra yəni 2020-ci ilin martın 6-da eks-deputat sözügedən vəzifədən azad edilib. Onun yerinə keçmiş nazir Əli Abbasov gətirilib.
Daha sonra isə E. Məmmədova AMEA-da işlər müdiri vəzifəsi həvalə edilib. Qısa vaxt aralıqlarıyla vəzifəyə gətirilib-çıxarılan Elton Məmmədovla AMEA prezidenti arasında fikir ayrılıqları yaranıb. Elə bu anlaşılmazlıqlara görə Ramiz Mehdiyev onu qapalı iclasda sərt tənqid edib və işdən çıxarıb.
Buna cavab olaraq E.Məmmədov məhkəməyə üz tutub. Ötən ilin dekabrında Səbail rayon Məhkəməsində Azərbaycan Milli Elmlər Akademiyasının İşlər İdarəsinə qarşı növbəti məhkəmə prosesi baş tutub. Hakim İlkin Rüstəmlinin icraatında olan mülki iş üzrə qətnamə elan edilib. Məhkəmədə iddiaçı, AMEA-nın İşlər idarəsinin sabiq müdiri Elton Məmmədovun AMEA-nın rəhbərliyinə qarşı qaldırdığı “işə bərpa” və “əmək münasibətləri üzrə” iddiası təmin edilib.//qafqazinfo