Səbail rayonunda narkotacir və obyektlərdən nəzarətsiz qalan mobil telefonları oğurlayan şəxslər saxlanılıblar.
Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, paytaxt sakini olan “Samir” adlı şəxsin narkotiklərin satışını həyata keçirdiyi barədə Polis Bölməsinə əməliyyat məlumatı daxil olub.
Həyata keçirilən tədbir nəticəsində həmin şəxs - Samir Qurbanov tutularaq 9-cu Polis Bölməsinə gətirilib. Onun üzərinə baxış zamanı 5 qrama yaxın heroin aşkar olunub. Həmin şəxs ifadəsində yaşadığı evin yaxınlığında zirzəmidə külli miqdarda narkotik vasitə gizlətdiyini də bildirib. Qeyd edilən yerə baxış zamanı Samir Qurbanova məxsus əlavə 3 kiloqram 20 qram heroin aşkar edilərək götürülüb. O, ifadəsində narkotik vasitələri ölkə ərazinə qaçaqmalçılıq yolu ilə göndərən xarici ölkələrdən birinin vətəndaşından satmaq məqsədi ilə əldə etdiyini bildirib.
Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri digər bir əməliyyat zamanı isə rayon ərazisində yerləşən ictimai iaşə obyektlərində silsilə oğurluqlar edən Sumqayıt şəhər sakini Tahir Əhmədov saxlanılıb. Araşdırma zamanı onun müştəri kimi getdiyi obyektlərdə zərərçəkənlərin ani diqqətsizliyindən istifadə edərək onların mobil telefonlarını oğurladığı müəyyən edilib. Tahir Əhmədovun etdiyi oğurluqların bir neçəsi obyektlərin təhlükəsizlik kameraları vasitəsi ilə də lentə alınıb.
Faktlarla bağlı hər iki şəxs barəsində 9-cu Polis Bölməsində toplanan materiallar Səbail RPİ-nin İstintaq Şöbəsinə göndərilib. Bu şəxslərin qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa ərazi polis orqanlarına, “102” Xidməti-Zəng Mərkəzinə və Nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə məlumat verə bilərlər.