Azərbaycan Dillər Universiteti (ADU) beynəlxalq təhsil əlaqələrinin genişləndirilməsi istiqamətində daha bir mühüm işə imza atıb.
ADU-dan Asayis.az-a verilən açıqlamada bildirilib ki, noyabrın 26-da Azərbaycan Dillər Universiteti ilə Çin Xalq Respublikasının Sincan Maliyyə və İqtisad Universiteti arasında onlayn formatda qarşılıqlı anlaşma memorandumunun imzalanma mərasimi keçirilib.
Memorandum iki ali təhsil müəssisəsi arasında akademik əlaqələrin inkişaf etdirilməsi, təhsil və elmi-tədqiqat sahələrində əməkdaşlığın genişləndirilməsi, qarşılıqlı təcrübə mübadiləsinin aparılması və birgə layihələrin həyata keçirilməsi baxımından əhəmiyyət daşıyır.
İmzalanma mərasimində ADU-nun rektoru, akademik Kamal Abdulla və universitet rəhbərliyi iştirak edib.
ADU-nun rektoru, akademik Kamal Abdulla çıxışında Azərbaycanla Çin arasında münasibətlərin, o cümlədən təhsil sahəsində əlaqələrin inkişafının əhəmiyyətini vurğulayıb.
Rektor universitetlərarası əməkdaşlığın hər iki ali təhsil müəssisəsi üçün yeni imkanlar yaradacağını, akademik və elmi əlaqələrin genişlənməsinə töhfə verəcəyini qeyd edib.
Sincan Maliyyə və İqtisad Universitetinin rektoru Gao Zhigang çıxışında Azərbaycan Dillər Universiteti ilə əməkdaşlığın qurulmasını yüksək qiymətləndirib. O, iki ali təhsil müəssisəsi arasında imzalanan memorandumun akademik əlaqələrin genişləndirilməsi, təhsil və elmi-tədqiqat sahələrində təcrübə mübadiləsinin aparılması üçün yeni imkanlar yaradacağını bildirib.
Qeyd edək ki, Sincan Maliyyə və İqtisad Universiteti Çin Xalq Respublikasının Sincan-Uyğur Muxtar Rayonunun Urumçi şəhərində yerləşir. 1950-ci ildə əsası qoyulan universitet iqtisadiyyat, maliyyə, idarəetmə və digər istiqamətlər üzrə ali təhsil və elmi-tədqiqat fəaliyyəti həyata keçirir.
Universitet bakalavriat və magistratura səviyyələrində müxtəlif təhsil proqramları təklif edir, beynəlxalq akademik əməkdaşlığın inkişafına da xüsusi diqqət yetirir.
