İmişli torpağı tarixən zəhmətkeş, mərd, vətənpərvər insanlar yetişdirib. Bu torpaqdan çıxan və dövlətin mühüm strukturlarında yüksək rütbələrə yüksələn belə insanların varlığı rayonun ictimai yaddaşında xüsusi yer tutur. Babayevlər nəslinin timsalında doğma torpağın adını əməli ilə ucaldan insanların xidmət yolu gələcək nəsillər üçün də örnəkdir.
General-mayor Rasim Babayev, general-mayor Bəhmən Babayev, general-mayor Münasib Babayev və polis polkovniki Muradəli Babayev…
Dörd ad, dörd xidmət yolu, bir amal – Azərbaycan dövlətinə, xalqa və Vətənə sədaqətlə xidmət!
Bu adları birləşdirən əsas məqam dövlətçilik məsuliyyəti, peşəkar xidmət və Vətən qarşısında borca sədaqətdir. Onların hər biri dövlətin təhlükəsizliyi, müdafiəsi və asayişinin qorunması kimi strateji əhəmiyyətli sahələrdə öz xidmət yolu ilə tanınıb.
General-mayorlar Rasim Babayev, Bəhmən Babayev və Münasib Babayev Azərbaycan hərbi sisteminin müxtəlif istiqamətlərində xidmət edərək yüksək hərbi rütbəyə yüksəlmiş zabitlərdir. Onların hərbi fəaliyyəti, xüsusilə Vətən müharibəsi ilə bağlı xidmət yolu Azərbaycan Ordusunun şərəfli salnaməsinin bir parçasıdır.
Bunlar sadəcə paqonlarında general ulduzları daşıyan zabitlər deyil. Onların təmsil etdiyi hərbi xidmət məktəbinin arxasında əsgərin gündəlik həyatı, hərbi nizam-intizamın sərt qaydaları, səngərin çətinlikləri və döyüş məsuliyyəti dayanır. Səngərin havasını duyan, əsgərin çəkdiyi zəhməti anlayan, ordunun içindən keçərək general zirvəsinə yüksələn zabitlərin dəyəri də məhz bu xidmət yolunda ölçülür.
Əsl general yalnız əmr verən deyil, əsgərin məsuliyyətini anlayan, çətin anlarda onun yanında dayanan, Vətənin müdafiəsini şəxsi rahatlığından üstün tutan rəhbərdir. General rütbəsi çiyinlərdəki ulduzlardan daha böyük məna daşıyır. O, illərin zəhmətinin, peşəkarlığın və dövlət qarşısında məsuliyyətin ifadəsidir.
Polis polkovniki Muradəli Babayev isə bu nəslin hüquq-mühafizə sahəsindəki xidmət ənənəsini təmsil edir. Daxili işlər orqanlarında keçdiyi xidmət yolu, müxtəlif məsul vəzifələrdə fəaliyyəti dövlətin hüquq qaydasının, ictimai təhlükəsizliyin və qanunun aliliyinin qorunmasına xidmət nümunəsidir.
Beləliklə, Babayevlər nəslinin xidmət coğrafiyası ordudan sərhəd mühafizəsinə, oradan da hüquq-mühafizə sisteminə qədər uzanır. Fərqli geyim formaları, fərqli rütbələr, fərqli vəzifələr, amma eyni dövlətçilik məfkurəsi – Azərbaycan dövlətinə sədaqət!
Bu gün gənclər bilməlidirlər ki, Vətənə xidmət yalnız sözlə, şüarla deyil, zəhmətlə, biliklə, intizamla və sədaqətlə ölçülür. General zirvəsinə yüksəlmək də, polis polkovniki kimi məsuliyyətli xidmət yolu keçmək də illərin əzmkarlığını və böyük məsuliyyət hissini tələb edir.
Babayevlər nəslinin adı İmişlinin qürur salnaməsində məhz bu baxımdan xatırlanmağa layiqdir.
